Avronun bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - TƏHLİL

Avronun bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - TƏHLİL

Son bir ayda beynəlxalq birjalarda avronun dollara nəzərən bahalaşması müşahidə edilir. Bu dövrdə avro ABŞ dolları ilə bərabər, Yaponiya yeninə, Çin yuanına, İsveçrə frankına da nisbətdə bahalaşıb. Amma İngiltərə funt sterlinqi və Rusiya rublu ilə müqayisədə bir qədər dəyər itirib.


Avronun ümumən bahalaşması daha çox ABŞ-dakı iqtisadi vəziyyət və bunun dollar üzərində yaratdığı təsirlə izah edilir. Son vaxtlarda dolların məzənnəsinin aşağı düşməsi aydın sezilir və xarici analitiklərin rəyinə əsasən ucuzlaşmanın qarşıdakı aylarda da davam etməsi realdır. Bir ay əvvəl avro/dollar kursu 1,164 idi. Hazırda kurs 1,207 səviyyəsindədir. Ay ərzində avronun dollara nəzərən 3,7 faiz bahalaşması qeydə alınıb.

 

İki aparıcı valyuta arasında olan mövcud məzənnə sonuncu dəfə 2,5 il əvvəl qeydə alınıb. 2018-ci ilin aprelindən bəri avro/dollar kursu 1,2 səviyyəsini ötməyib. Ekspertlər güman edir ki, ABŞ iqtisadiyyatının üzləşdiyi böhranlı vəziyyətlə əlaqədar olaraq dollar qarşıdakı ildə daha 10 faiz zəifləyəcək. Bu proqnozun özünü doğrultması o anlamı verir ki, 2021-ci ildə avro bir qədər də bahalaşacaq. Bahalaşma sayəsində növbəti ildə avro/dollar kursu 1,3 səviyyəsini ötə bilər.

 

Xatırladaq ki, sonuncu dəfə 2014-cü ilin avqustunda avro/dollar kursu 1,3 səviyyəsində olub. Hətta 2008-ci ilin yayında məzənnə 1,57 səviyyəsini də ötüb.

Avronun dollara nəzərən bahalaşması onun Azərbaycan manatı ilə olan kursunun da yüksəlməsinə imkan yaradır. Bir ay əvvəl 1,97 olan avto/manat kursu hazırda 2,05 səviyyəsindədir. Azərbaycanda avronun məzənnəsı qısa müddətdə 4 faiz bahalaşıb.

 

Avronun manata qarşı ən yüksək məzənnəsi 2018-ci ilin yanvarında olub. Həmin tarixdə avro 2,12 manata satılıb. Proqnozlar özünü doğruldarsa, növbəti ildə avro/manat məzənnəsi 2,2 səviyyəsini ötəcək.

 

Bəs, avronun bahalaşmasının Azərbaycana təsiri necə ola bilər?


Sfera.az bildirir ki, avro/manat kursunun yüksəlməsi Azərbaycanın Avropa İttifaqı ölkələri ilə xarici ticarətinə təsir imkanına malikdir. Belə ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə böyük ticarət əməliyyatlarına malikdir və hər il bu iqtisadi regiondan böyük məbləğdə idxal həyata keçirilir. 2020-ci ilin yanvar-oktyabr aylarına aid olan məlumata əsasən ölkəmizə Avropa İttifaqı ölkələrindən 2,043 milyard dollar dəyərində mal idxal edilib. Bu, ölkəmizin ümumi idxalının 23,3 faizinə bərabərdir.

 

Avronun bahalaşması avrozona ölkələrindən Azərbaycana mal idxalını bahalaşdırır. Kurs yüksələndə Azərbaycan şirkəti avrozona ölkələrindən mal idxal edən zaman həmin malın alışına çəkdiyi xərc manat ifadəsində artır. Bu halda yerli şirkət manatla olan qiyməti sabit saxlamaqla baha aldığı maldan daha az qazanır. Əvvəlki gəliri əldə etmək üçün idxalçı qiymətləri qaldırmalıdır ki, bu da idxalın azalmasına səbəb olur.

 

İxracda isə əks dəyişiklik baş verir. Əvvəlki qiymətə ixrac həyata keçirə bilən şirkət manatla ifadədə daha çox qazanır. O əvvəllər 100 avroya satdığı mal 197 manat olduğu halda avtonun bahalaşmasından sonra eyni miqdarda ixraca görə 205 manat qazanır. Qazancı daha da artan şirkət qiymətləri bir qədər aşağı salmaq imkanı əldə edir ki, bunun hesabına Avropa bazarına ixracı artıra bilir.

 

Deməli, avronun bahalaşması Azərbaycanın Avropaya ixracını artırmaq, idxalını isə azaltmaq imkanına sahibdir. Buna görə də avro bahalaşmaqda davam edərsə, Azərbaycan şirkətləri Avropadan idxal etdikləri malların bir hissəsini ucuz olan başqa bazarlardan təmin etməli olacaq. Məsələn, mümkündür ki, Avropadan avtomobil idxalı azalsın, başqa regiona aid olan ölkələrdən avtomobil idxalı artsın.

 

Lakin unutmayaq ki, Avropadan gətirilən mallar əsasən yüksək texnoloji xüsusiyyətlərə sahib olan, tanınmış markalara aid olan mallardır və bu cür malların alıcıları 5-10 faizlik məzənnə fərqinə görə digər mallara üstünlük verməyəcək, məzənnə fərqi idxalı azaltsa da fərq böyük olmayacaq.

 

Avronun bahalaşmasının digər müsbət tərəfi alınan borc vəsaitinin manatla dəyərinin artmasıdır. Məsələn, Azərbaycanda bir şirkətin Avropalı tərəfdaşı ilə avro ilə mal satılması haqqında müqaviləsi var. Müqaviləyə əsasən Azərbaycandan Avropaya mal göndərilir, onun pulu isə bir neçə aydan sonra ödənilir. Bu razılaşmaya uyğun olaraq Azərbaycan şirkəti alacağı pula müvafiq qaydada burada işçilərinə manatla maaş ödəyir və digər ödəmələr həyata keçirir.

 

Avropada olan şirkət malın pulunu ödədikdə, artıq avro dəyər qazandığından Azərbaycan şirkəti məzənnə fərqinə uyğun olaraq əlavə qazanc əldə edir.

Avronun bahalaşması Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin dəyərini artıracaq. Fondun aktivlərinin bir hissəsi avro ilə saxlanılır. 2020-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən Neft Fondunun aktivlərinin 20,5 faizi avrodadır. Fondun aktivlərinin həcminin 43 milyard dollar dəyərində olduğunu nəzərə alsaq avro ilə olan aktivlərin dəyəri oktyabrın 1-də 7,53 milyard avrodur. Həmin tarixdə dollarla ifadədə 8,815 milyard dollardır. Lakin hazırkı məzənnə ilə avro aktivlərin dəyəri 9,09 milyard dollar təşkil edir. Buradan görünür ki, avronun bahalaşması həmin vəsaitin 300 milyon dollara qədər dəyər qazanmasına səbəb olub.

 

Beləliklə, avronun bahalaşması Azərbaycana daha çox sərf edir.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR