Avro son bir ildə ilk dəfə bu qədər ucuzdur: Azərbaycana mənfi və müsbət təsiri

Avro son bir ildə ilk dəfə bu qədər ucuzdur: Azərbaycana mənfi və müsbət təsiri
Bu gün beynəlxalq birjalarda avro/dollar məzənnəsi 1,15 həddinə düşməklə son bir ilin ən aşağı səviyyəsinə enib. Mövcud səviyyə birillik dövrdə qeydə alınan maksimum həddən (1,23) 6,5 faiz aşağıdır. 

Sfera.az bildirir ki, iki aparıcı valyuta arasında növbəti kəskin məzənnə dəyişikliyi mərhələsi 2021-ci ilin mayın son günlərindən müşahidə edilir. Mayın son günlərində 1,225 olan avro/dollar kursu qısa müddətdə 1,15 həddinə qədər geriləyib. 

Avronun ucuzlaşmasına 2 qrup amil təsir edir. Birinci əsas amil ABŞ-da iqtisadi göstəricilərin yaxşılaşması və bu səbəbdən Dollar İndeksinin yüksəlməsidir. Hazırda Dollar İndeksi 94,3 səviyyəsini ötüb ki, bu yüksəliş də avronun ucuzlaşmasına təsir edir. 

Avronu ucuzlaşdıran digər səbəb avrozona ölkələrində iqtisadi göstəricilərin bir qədər pisləşməsidir. Avropada qaz başda olmaqla enerji qiymətlərinin kəskin yüksəlməsi, eyni zamanda fabriklərə olan sifarişlərin və pərakəndə satışların zəifləməsi avronun ucuzlaşmasına təsir göstərir. 

Qeyd edilən 2 amilin təsiri ilə avro dollarla bərabər digər aparıcı valyutalarla müqayisədə də məzənnə dəyəri itirir. O cümlədən funt sterlinqə nisbətən ardıcıl 6 gün ucuzlaşaraq məzənnəsi 0,85 həddinə, yapon yeninə nisbətən dəyər itirərək 128,5 həddinə, İsveçrə frankına nəzərən dəyər itirərək 1,07-yə düşüb.

Avronun ucuzlaşmasını Azərbaycanda da görürük. Belə ki, manatın məzənnəsi dollara nəzərən müəyyənləşdiyinə görə, avro/dollar kursunun düşməsi ilə avro/manat kursu da düşür. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnələrə əsasən, bu ilin mayın sonunda avro/manat kursu 2,08 olduğu halda, hazırda 1,964 səviyyəsindədir. 

Avronun ucuzlaşmasının Azərbaycana faydalı və zərərli təsirləri var. Faydalı tərəfi avrozona ölkələrindən idxal edilən malların ucuzlaşması olacaq. Bu ilin yanvar-avqust aylarına aid olan məlumata görə avrozona ölkələrindən təxminən 1,4 milyard dollar dəyərində və ya ümumi idxalın 19 faizi qədərində mal idxal edilib. Həmin malların böyük əksəriyyətinin qiyməti Avropada müəyyənləşdiyindən onların dəyəri manatla ifadədə ucuzlaşacaq. 

Avronun ucuzlaşmasının mənfi tərəfi isə əsasən Dövlət Neft Fondunun aktivlərinin dəyərdən düşməsi şəklində olacaq. Fondun aktivlərinin 20 faizi və ya 8,82 milyard dollar dəyərində olan hissəsi avro ilə saxlanılır. Avronun 5 faizdən çox ucuzlaşması həmin hissənin 400-500 milyon dollar dəyərində kiçilməsinə səbəb olub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR