AŞPA-nın qış sessiyasında ermənilərin təklifi KEÇMƏDİ
18:19 / 28.01.2021
1453
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Erkin Qədirli qurumun başa çatmaqda olan qış sessiyasında yaşanan hadisələr haqda məlumat verib.
Sfera.az xəbər verir ki, E.Qədirli bildirib:
"AŞPA-nın qış sessiyası başa çatır. Bugünkü (28 yanvar) iclasdan bunları qeyd edə bilərəm:
1) Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin icrası məsələsi üzv olduğum Hüquq Komitəsində yenidən baxıldı. Bu məsələnin gündəliyə salınmasının lehinə səs verdiyimi daha öncə yazmışdım. Komitənin iclasında məruzəçi bu məsələni Büroya göndərməyi təklif etdi. Komitədə buna kimsə etiraz etmədiyinə görə (səsvermə də olmadı), komitənin sədri məsələni Büroya göndərəcək;
2) Rusiya nümayəndə heyətinin səlahiyyətləri sorğulanmışdı. Plenar iclasda baxıldı. Səslərin çoxu Rusiyanın lehinə verildi və nümayəndə heyətinin səlahiyyətləri təsdiq olundu. Daha öncə yazdığım kimi, əvəzedici üzv olduğumdan qış sessiyasında səs vermək hüququm olmayıb, ancaq komitə iclaslarında səs verə bilirdim;
4) Ermənilərin bir neçə təklifi oldu, heç biri keçmədi. Bir neçə Fransa və Yunanıstan deputatından başqa heç kim ermənilərin dediklərinə diqqət yetirmədi, onları dəstəkləmədi. Bir erməni deputatı hətta etiraz aksiyası keçirdi iclas otağının qarşısında. Ona da önəm verən olmadı. Rusiya-Ukrayna qarşıdurması daha çox müzakirə olundu. Ruslarla ukraynalılar bir-birinə qarşı etik qaydaları aşan sözlər deyirdilər;
4) Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına dair məruzə qəbul olundu. Komitədə onun lehinə səs vermişəm. Təəssüf ki, ölkəmiz bu məsələdə ən pis durumda olanların sırasında hələ də qalır;
5) Ölkəmizin mənfi mənada adı çəkildiyi daha bir məruzə qəbul olundu. Söhbət QHT-lərə qarşı məhdudlaşdırıcı qaydalardan və təcrübələrdən gedir. Komitədə onun da lehinə səs verdim”.