Asim Mollazadə: "Pandemiya şəraitində bioloji silahlarla bağlı qanunun qəbulunu təklif edib"
Siyasət
12:00 / 19.04.2020
4086
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə koronavirus pandemiyası dövründə kimyəvi silahlarla yanaşı, bioloji silahlarla bağlı qanunun da qəbulunu zəruri hesab edir.
Sfera.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrin gedişində Asim Mollazadə xatırladıb ki, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixli qanunu ilə ölkəmiz "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Beynəlxalq Konvensiyaya qoşulub. Bu qanunu da qəbul etmək zərurəti həmin Konvensiyadan irəli gəlib.
Qanunun kifayət qədər yaxşı hazırlandığını vurğulayan deputat kimyəvi silahların məhv edilməsi ilə bağlı məsələni düşünməyə ehtiyac olduğunu da deyib.
"Bu yaxşı qanundur. Biz bu qanunla kimyəvi silah hazırlamayacağımızı, eyni zamanda kimyəvi silahların məhv edilməsini öhdəmizə götürürük. Lakin nəzərə almalıyıq ki, kimyəvi silahların məhv edilməsi çox bahalı, çətin və təhlükəli prosesdir. Azərbaycanda bunun üçün müvafiq texnika və imkanlar yoxdur. Biz ya bunun üçün beynəlxalq təşkilatlara, xarici şirkətlərə müraciət etməliyik ki, bizim üçün bu işi görsünlər, ya da bu hissəni qanundan çıxarmalıyıq”, - deyə Asim Mollazadə bildirib.
O həmçinin qeyd edib ki, hazırda bütün dünya ölkələri, eləcə də Azərbaycan pandemiya şəraitdə yaşayır. Belə bir şəraitdə bioloji silahlarla bağlı qanunu da qəbul etmək zərurətə çevrilib. Odur ki, Milli Məclic bioloji silahlarla bağlı qanunun da qəbuluna çalışmalıdır. (ann.az)