“Arzu Məmmədova Poznerin, Bəxtiyar Haciyev isə Paşinyanın…” – Ceyhun Osmanlı yazır

“Arzu Məmmədova Poznerin, Bəxtiyar Haciyev isə Paşinyanın…” – Ceyhun Osmanlı yazır


Sabiq millət vəkili Ceyhun Osmanlı öz facebook səhifəsində Azərbaycan gəncliyinin iki nümayəndəsinin hərəkətini təqdir edən status paylaşıb. Adı çəkilən gənclər Arzu Məmmədova və Bəxtiyar Hacıyevdir.


Sfera.az-ın məlumatına görə, Ceyhun Osmanlı hər iki fəal gəncin dünya ermənilərinə qarşı yüksək kürsülərdən səslərini ucaltmasını alqışlayıb.

 

"Arzu Məmmədova Poznerin, Bəxtiyar Haciyev isə Paşinyanın rahatlığını pozdu. Nəyə görə "rahatlığını pozdu" yazıram? Çünki Pozner və Paşinyan bunu biruzə verməsə də, anlayırlar ki, Azərbaycanda Qarabağı, hətta Zəngəzuru unutmayan bir gənc nəsil var. Onlar anlayırlar ki, Qarabağ tək Azərbaycan hökümətinin deyil, bütün dünya azərbaycanlılarının dərdidir”, - deyə Ceyhun Osmanlı vurğulayıb.


Fikrinin davamı olaraq sabiq millət vəkili qeyd edib ki, adı çəkilən gənclərin çıxışı kiməsə xoş gələ, kimisə qıcıqlandıra bilər, amma bu cür tribunalardan çıxış etmək heç də asan məsələ deyil.

 

Sabiq millət vəkili həmçinin qeyd edib ki, "Dəfələrlə ermənilərlə debatlarda iştirak etmiş insan kimi deyə bilərəm ki, əgər siz dünyanın qəbul etdiyi tezislərlə danışa bilmirsinizsə, heç kim çıxışınıza ciddi yanaşmayacaq. Arzu Poznerə qarabağlı olduğunu və doğma el-obasına gedə bilmədiyini, Bəxtiyar isə Qərbi Azərbaycanda doğulduğunu, amma ermənilərin Bakıya rahat gedib gəldiyi halda, doğulduğu məkana gendən baxmaq məcburiyyətində qaldığını, dünyanın Azərbaycan torpaqları kimi qəbul etdiyi bir ərazinin Paşinyan tərəfdən Ermənistan torpağı adlandırılmasının sülhə töhfə verməyəcəyini bildirdi. Bax bunlar dünyanın qəbul etdiyi tezislərdir”.


Sabiq millət vəkili fikrini bu cümlələrlə yekunlaşdırıb: "Gənclər öz çıxışları ilə müharibənin canlı qurbanı olduqlarını göstərdilər və sülh prosesində qarşı tərəfin qeyri-konstruktiv mövqedən çıxış etdiyini sərgilədilər. Özü də bunukönüllü və təmənnasız etdilər, amma onların bu təşəbbüsü milyonlarla dollarlıq lobbiçilik fəaliyyətindən heç də geri qalmadı. Bəxtiyar məni ayrı-ayrı vaxtlarda az tənqid etməyib, siyasi fikirlərimiz də bəzən üst-üstə düşmür. Amma biz yaxşıya yaxşı, pisə pis deməyi öyrənməliyik. Gəlin bir anlıq düşünək ki, dünyanın müxtəlif bucaqlarında təhsil alan, yaşayan gənclərimiz milli maraqlarımızın qorunmasında bu gənclər qədər fəal olsa, bütün yüksək kürsülərdən belə effektiv çıxışlar etsək, düşməni hansı dalana sıxışdırardıq...”

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR