\"Artıq müharibənin işartıları görünür, yeni qırıcı təyyarələr istehsaldadır\" - Politoloqdan PROQNOZ

\
"ABŞ NATO qarşısında Çini hədəf götürməklə bu ölkənin bəzi sahələrdə məhdudlaşdırılmasını istəyir. Soyuq müharibə də qurulan planın əsas tərkib hissəsidir".
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə artıq hər iki ölkə müharibəyə hazırlaşır:

"NATO-da əsas hədəfin Çin olaraq göstərilməsi iqtisadi və texnoloji cəhətdən Çini zəiflətmək istəyi ilə bağlıdır. Çünki bu gün Çinin yumşaq gücü, xüsusilə iqtisadi ekspresiyası çox güclüdür. Yaxın Şərq, Afrika, eləcə də bir sıra ölkələrə Çin ciddi investisiya qoyur və aşağı faizli kreditlər verir ki, bu da həmin ölkələrin Çinə bağlılığını artırır. Buna görə də ABŞ anladı ki, Tramp siyasəti ilə yəni ABŞ-Çin kontekstində iqtisadi müharibə aparmaqla Çinin qarşısnı ala bilməyəcək, ona görə də NATO müttəfiqlərini də yanına alaraq bu istiqamətdə layihə, proqramlar qəbul etdilər. Xüsusi olaraq, Çini texnoloji cəhətdən zəiflətmək və Çin bazarını tədricən zəiflətmək strategiyası əsas götürülüb. Bu konteksdə hərbi məsələlər də üstünlük təşkil edir. Yəni hərbi texnologiyanın üstün olması gələcəkdə Çin üçün çəkindirici məqam olacaq. Beləliklə, artıq soyuq müharibənin işartıları görünür". 

Ekspert tərəflərdən heç birinin qalib olmayacağını qeyd edib:

"ABŞ-da artıq VI nəsil gözəgörünməz radarların aşkar edə bilməyəcəyi qırıcı təyyarələr, hücum raketləri istehsal olunmağa bağlanıb. Bu da artıq soyuq müharibənin olacağına işarədir. Eyni zamanda, Çin də bu xüsusda boş dayanmayıb. Çin hərbi sənayesini, ticarəti daha da genişləndirmək niyyətindədir. Soyuq müharibənin nəticəsinin necə olacağını demək tezdir. Çünki ABŞ və Çin kimi hegemon gücün bir-birinə qalib gəlməsi, iqtisadiyyatlarını çökdürə bilməsi ehtimalı yoxdur. Belə ki, ABŞ-la Çin iqtidadiyyatı bazar nöqteyindən bir-birinə çox qarışıqdır. Bu gün Çinlə ABŞ-ı 6 trilyon dollarlıq maliyyə bazarı bağlayır. ABŞ, yaxud Çin bu bazarı özünə çəkərsə, tərəflərdən biri çökər. Buna görə tərəflərdən hansısa tərəfin digərini çökdürməsi çətin məsələdir. Hər iki tərəf bir-birindən müəyyən mənada asılıdır". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR