Artan neft qiymətləri ölkədə hansı müsbət dəyişikliklərə səbəb olacaq? - Manat güclənir, gəlirlər çoxalır...

Artan neft qiymətləri ölkədə hansı müsbət dəyişikliklərə səbəb olacaq? - Manat güclənir, gəlirlər çoxalır...
Neft qiymətlərinin son 3 aylıq dövrdəki inkişaf dinamikası Azərbaycan üçün əlverişlidir. 

Sfera.az bildirir ki neftin orta qiyməti 60-70 dollar intervalında sabitləşərsə, o halda, Azərbaycanın xarici ticarət balansında, tədiyə balansında, Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirlərində müsbət dəyişikliklər baş verəcək, manatın sabitliyini təmin etmək asanlaşacaq. 

Bahalaşan neft ixracımızı xeyli dərəcədə artırır. Neftin bahalaşması xam neft, təbii qaz və neft məhsullarının satışından əldə edilən gəlirlərin dəyərini yüksəldir. "Qara qızıl”ın bahalaşması digər bütün əmtəələrin də dəyərinin yüksəlməsinə səbəb olduğundan qeyri neft-qaz mallarının da ixrac həcminin artmasına şərait yaradır. 

Neftin qiymətinin xarici ticarət balansına müsbət təsirini 2019 və 2020-ci illərin müqayisəsindən aydın görmək olar. 2019-cu ildə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 64,4 dollar idi. Həmin ildə ixracımız 19,63 milyard dollar, idxalımız 13,66 milyard dollar olmuşdu. Xarici ticarətdə müsbət balans 6 milyard dollar təşkil etmişdi. 2020-ci ildə neftin orta qiyməti 43,5 dollar olub. Ötən il ixracımız 13,74 milyard dollar, idxalımız 10,73 milyard dollar təşkil edib. Xarici ticarət balansı 3 milyard dollara düşüb. Bu il neftin qiyməti əlverişli səviyyədə qalarsa, Azərbaycanın xarici ticarət balansı yenidən yaxşılaşacaq.
Xarici ticarətin yaxşı olması tədiyə balansında tarazlığın yaranmasına və manatın sabitliyinin qorunmasına kömək edəcək. 

Məhz xarici ticarətdəki vəziyyət tədiyə balansının ümumi vəziyyətinə təsir göstərən əsas faktordur. Burada müsbət dinamikanın olması tədiyənin vəziyyətini yaxşılaşdırır. Tədiyə balansında 2019-cu ildə müsbət fərqin olması və 2020-ci ildə kəsirin yaranması xarici ticarətdəki vəziyyətdən asılı olub. Buna görə də 2021-ci ildə xarici ticarətin yaxşılaşması tədiyə balansının müsbət olmasına imkan verəcək. 

Tədiyə balansı müsbət olduğu təqdirdə isə manatın ucuzlaşması ehtimalı aradan qalxır. 2020-ci ildə manata təzyiqlərin artmasının başlıca səbəbi məhz tədiyə balansında kəsirin yaranması ilə bağlı idi. 

Bahalaşan neft Dövlət Neft Fondunun gəlirlərini də artıracaq. Proqnoza əsasən Fondun  2021-ci ildəki gəlirləri 8 milyard manat olmalıdır. Gəlirlərin 6,44 milyard manatı xam neft və qaz satışından gələn gəlirlərdir. Bu proqnozlar hazırlanan zaman neftin qiyməti 40 dollardan hesablanıb. Əgər orta qiymət 60 dollar olarsa, o halda, neft və qaz satışından gəlirlər daha çox olacaq.

Neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsinin də gəlirlərinə müsbət təsir göstərəcək. Dövlət büdcəsinin gəlirlərinin 440 milyon manatlıq hissəsi Hasilatın Pay Bölgüsü sazişlərindən alınan mənfəət vergisi olacaq. Neftin 60-70 intervalında olması bu mənbə üzrə gəlirlərin ən azı 50 faiz artaraq 660 milyon manata yüksəlməsinə səbəb olacaq. 

Bundan başqa neftin bahalaşması fonunda SOCAR-dan alınan vergilərin də artması realdır. Bu il SOCAR-dan 1,136 milyard manat verginin alınması proqnozlaşdırılır. Düzdür, bu məbləğin böyük hissəsi əməkhaqlarından alınan vergi və yanacağın satışından daxil olan aksiz, əlavə dəyər və yol vergisindən ibarət olacaq, az hissə isə mənfəət vergisinin payına düşür. Neft bahalaşdıqda SOCAR-ın mənfəəti artdığından dövlət büdcəsinə ödəniləcək mənfəət vergisi də yüksəldiyindən nəticədə dövlət neft şirkəti büdcəyə daha çox vəsait ödəyəcək.

Vasif
Sfera.az
  


OXŞAR XƏBƏRLƏR