Arif Əsədov: \"Klub məşqçiləri baltanı kökündən vurur, uşaqları bünövrədən pis günə qoyurlar\"
"Futbolumuzdakı problemləri bir amillə əlaqələndirmək olmaz. Burada bir çox səbəblər var. Bunları saymaqla bitirmək olmaz”.
Sfera.az xəbər verir ki, bu fikirləri "report”a açıqlamasında "Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan futbolundakı problemlərin səbəbləri haqqında danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycanda 15-16 yaşından sonra istedadlı futbolçular "itir”: "Burada əsas iş klubların üzərinə düşür. Çünki həmin futbolçuların bəziləri oynamaq şansı qazansa da, çoxu kənarda qalır. Vahid sistem olmadığından, onları "itiririk”. Məsələn, 17 yaşlı uşaq var ki, istedadlıdır, amma fiziki cəhətdən zəifdir. Bizim düşüncəmiz isə elədir ki, nəticə üçün fiziki hazırlıqdan yapışırıq. Düşünmürük ki, bu uşağın başqa keyfiyyətlərini inkişaf etdirmək olar. Biz beynəlxalq seminarlarda çox olmuşuq. Buna misal kimi Belçika futbolunu göstərmək olar. Onlar fiziki cəhətdən hazırlıqlı uşaqları yığmaya götürsələr də, digərlərini arxa plana atmırlar. Həmin oyunçuların üzərində işləyir, bəlli bir səviyyəyə çatandan, potensialları açılandan sonra milliyə cəlb edirlər. Bizdə isə U-17 yığmasında fərqlənən uşaq 18 yaşında itirilir. Yaxud da U-19-dan U-21-ə keçəndə bu hal baş verir. Həmin uşaqları itirməmək üçün U-18 və U-20 milliləri olmalıdır. Bizdə aşağı liqalarda o səviyyədə çempionat keçirilmir ki, gənc futbolçularımız özlərini orada inkişaf etdirsinlər”.
A.Əsədovun fikrincə, gənc futbolçuların inkişafı üçün beynəlxalq oyunların çox olması önəmlidir: "Bizim futbolçular yalnız yığmaların heyətində beynəlxalq oyunlar keçirirlər. Bu isə çox az olur. Çox vaxt seçmə mərhələdə qrupda qaldığımız üçün daha az oyunla kifayətlənməli oluruq. Bununla da futbolçularımızın beynəlxalq matçları bitir. Amma U-18, U-20 yığmaları olsa, oyunçularımız hər il o səviyyəni görərlər. Bu isə artıq inkişaf deməkdir. Futbolçu elədir ki, bu gün zəif oynayar, sabah oynadıqca özünü inkişaf etdirə bilər. Ümumiyyətlə, bu, qlobal bir məsələdir və kompleks tədbirlər görülməlidir”.
Gənclər arasında keçmiş Avropa və dünya çempionu indiki vaxtla müqayisədə sovet dövründə istedadlı futbolçuların daha çox olmasının səbəbini açıqlayıb: "O dövrdə idman internatları var idi. Mən özüm də orada oxumuşam. Sumqayıtda anadan olmuşam, ancaq orada məşq üçün həftədə cəmi 3 dəfə şərait var idi. İnternata gələndən sonra isə gündə 2 dəfə məşq olurdu, eyni zamanda, çoxlu oyun keçirirdik. Mən oynaya-oynaya özümü inkişaf etdirdim. Məşqçim Telman Salahov potensialımı nəzərə alaraq, məni Bakıya göndərmişdi. Sovet vaxtı müxtəlif yarışlar var idi. Məhəllələrarası turnirlər, Gənclik Kuboku keçirilirdi. Bundan sonra 15-16 yaşlı yeniyetmələr arasında yarışlarda iştirak edirdik. O vaxt hər yaş qrupu üzrə milli məşqçilər olurdu. Onlar bölgələrə bölünür, gəlib oyunlarımızı izləyir, ən yaxşıları seçirdilər. O vaxtlar yığmaya düşmək çətin olurdu. Çünki seçim çox idi. Demək istədiyim odur ki, bu yarışların, oyunların hesabına uşaqlar inkişaf edirdilər. Həmin dövrdə əyləncəli oyunlar az idi, çoxluq futbola meyllənirdi. Hansı məhəlləyə baxırdın, uşaqlar futbol oynayırdı”.
A.Əsədov deyib ki, uşaq futbolunun inkişafında məşqçi amili böyük rol oynayır: "Bu gün klublarımız legionerə verdiyi pulun 1/3 hissəsini yaxşı məşqçilərə ayırıb, onları akademiyalara cəlb etsələr, yaxşı məvacib versələr, futbolumuz inkişaf edəcək. Hazırda klublarda uşaq futbolu üzrə elə məşqçilər işləyir ki, çoxlarının futbol savadı yoxdur. Onlar da baltanı kökündən vurur, uşaqları bünövrədən pis günə qoyurlar. Klublarımızda aşağı yaş qruplarına diqqət çox azdır. Legioner gəlir, pulunu alır, sonra da çıxıb gedir. Biz isə gələcəyimiz olan gənc futbolçuları itiririk”.