"Arbidol, favipiravir faydasızdır, ən yaxşısı..."- Koronavirusu yüngül keçirənlər hansı dərmanları qəbul etsin?

Bəzi hallarda koronavirusa yoluxan və xəstəliyi yüngül keçirən şəxslər xəstəliyi ağır keçirən insanlarla eyni dərmanları qəbul edir. 
Təbii ki, bu hal mütəxəssis rəyi olmadan xəstənin öz qərarına uyğun olur.
 
Maraqlıdır, xəstəliyi ağır keçirənlərlə yüngül keçirənlər eyni dərmanları qəbul etməlidirmi? Ümumiyyətlə, yoluxan və koronavirusu yüngül simptomlarla keçirən insanlar hansı dərmanları qəbul etməlidir? 

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov koronavirusu simptomsuz yaxud yüngül simptomlarala keçirən şəxsləri antibiotik qəbul etməməyə çağırıb:

"Əgər koronavirusa yoluxan şəxsin ciddi şikayətləri yoxdursa, o zaman antiviral dərmanlara ehtiyac yoxdur. Sadəcə bu şəxslər bol maye, D vitamini qəbul edə bilər ki, immun sistemi möhkəmlənsin. Belə xəstələr qan analizi verib, qan laxtalanmasını yoxlatmalıdırlar. Qanda laxtalanma yoxdursa, o zaman antibotiklərə gərək yoxdur. Bu xəstələr özünü soyuqdan qorusun, bol maye qəbul etsin və qidalanmaya diqqət etsin. Arbidol, erqoferon dərmanlarının effektliyi dünyada sübut olunmayıb, bu dərmanlardan istifadəyə gərək yoxdur. Yəni tez-tez çay içməklə, arbidol içmək arasında fərq görmürəm. Əgər xəstənin şikayətləri, temperatur artarsa, öskürəklər çoxalarsa, halsızlıq olarsa və beldə ağrılar varsa, antiviral preparatların qəbulu vacibdir. Belə məqamda da arbidoldansa, favipiravir məsləhət görürəm". 

Həkimin sözlərinə görə, bəzi insanlar mütəxəssis rəyi olmadan dərmanlar qəbul edir və beləliklə xəstəliyin gedişatı ağırlaşır:

"Xəstənin ümumi vəziyyəti həkim tərəfindən müəyyənləşdirilməlidir və müalicə üsulu təyin olunmalıdır. Yaxşı olardı ki, koronavirusa yoluxan şəxs qan analizi versin, nəticələrə uyğun həkim müalicə üsulu seçsin. Ola bilər ki, resepti mütəxəssisdən yox, əvvəllər koronavirus xəstəsindən alan şəxsdə həmin insalnla eyni problem olmasın. Belə olan halda şəxs xəstəliyi yüngül keçirəcəyi halda daha da ağırlaşa bilər. Bu baxımdan mütəxəssis rəyi olmadan dərmanlardan istifadə etmək olmaz". 

Əzizə Zeynal
Sfera.az






OXŞAR XƏBƏRLƏR