“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - Açıqlama

“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - Açıqlama
"Arayik Arutunyan və qondarma qurumun verəcəyi qanunların, işlədəcəkləri ifadələrin heç bir hüquqi əsası yoxdur. Real mənzərə ondan ibarətdir ki, 44 günlük müharibədə Azərbaycan Ermənistanı məğlub edərək öz ərazi bütövlüyünü bərpa edib”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Turan Rzayev separatçı rejimin "işğal olunmuş ərazilər haqqında” qondarma "qanun layihəsi” barədə danışarkən deyib. O bildirib ki, Arutunyan bu tip bəyanatlar verməklə öz varlığını göstərməyə çalışıb:

"O, bununla rəsmi Bakını qıcıqlandırmağa və dolayı yolla ona siyasi cavabın verilməsinə səy göstərir. Azərbaycan tərəfi isə qondarma qurumun atdığı addımlarla bağlı heç bir reaksiya vermir. Bəzən bu hal cəmiyyətimizdə də tənqid olunur. Əslində ölkə rəhbərliyinin addımı doğrudur. Çünki Azərbaycan beynəlxalq hüquqla tanınan ölkədir və bu gün bizim qondarma quruma və ya onun rəhbəri Arayikə cavab verməyimiz faktiki olaraq onu tanımaq, eyni zamanda onunla özümüzü bir mərtəbəyə qoymaq anlamına gələr. Heç bir halda, Azərbaycan bu diplomatik səhvi etməməlidir”.
 

Müsahibimiz xatırladıb ki, Arayik və onun qurumu hələlik Xankəndi və onun ətrafındakı kiçik ərazilərdə qalıb:
 
"Digər tərəfdən Azərbaycanın icazəsi ilə Ermənistanla bağlantıları mövcuddur. Bu gün Azərbaycan istədiyi an Laçın dəhlizini bağlamağa qadirdir. Son prosesləri nəzərə alsaq, bizim əlimiz daha güclüdür. Hər an Arayik Arutuyana qarşı anti-terror əməliyyatı keçirilə bilər, hər an yeni "Dəmir Yumruq” əməliyyatını görə bilərik”.

Qeyd edək ki, qondarma rejimin hazırladığı "qanuna” əsasən, bundan sonra 1991-1994, 2016 və 2020-ci ildə işğaldan azad etdiyimiz ərazilərə, yəni Füzuli, Zəngilan, Suqovuşan, Cəbrayıl, Hadrut, Şuşa və digər rayonlarımıza səfər edən xaricilər "arsax”a buraxılmayacaq. Söhbət Qarabağın yuxarı hissəsi olan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı ərazilərindən gedir.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR