“Aparılan sistemli islahatlar Azərbaycan Ordusunu gücləndirib” - Deputat

“Aparılan sistemli islahatlar Azərbaycan Ordusunu gücləndirib” - Deputat
 

"Hazırda Azərbaycan Ordusunda aparılan dəyişikliklər onun güclənməsinə xidmət edir". 

Bunu Hit.Az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycan əsgərinin və zabitinin döyüş qabiliyyətinin artırılması, məişət şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər görülür. 

Deputat vurğulayıb ki, orduda sistemli islahatlar həyata keçirilir: "Silahlı Qüvvələrimiz ən müasir silah və hərbi texnikalarla təmin olunub. Biz bunu müxtəlif vaxtlarda keçirilən hərbi təlimlərdə də görürük. Həmin təlimlərdə şəxsi heyətin yüksək peşəkarlıqla döyüş vasitələrindən istifadə etdiyinin şahidi oluruq".

A.Mollazadə qeyd edib ki, hazırda şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir:

"Şəxsi heyətə olan diqqət - onların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması, mənzillərlə təmin edilməsi, hərbi hissələrin təmir olunması, yenilərinin tikilməsi hərbçilərin döyüş ruhunun artmasına təsir edir. Düşünürəm ki, bu islahatlar davamlı olacaq".

Qeyd edək ki, mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada məcburi köçkünlərlə görüşdə deyib: "Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə naziri qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.



OXŞAR XƏBƏRLƏR