Anar Kərimov İSESKO baş direktoru ilə görüşdü
18:07 / 20.11.2020
4469
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Dr.Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.
Sfera.az xəbər verir ki, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib.
O qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilib. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.
Dr.Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək İSESKO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd edib. İSESKO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olunub.
A.Kərimov Azərbaycan və İSESKO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edib və bu işbirliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycana qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq İSESKO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırıb. Qeyd olundu ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq İSESKO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək verib və bundan sonra da bu dəstəyi əsigəməyəcək.
Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, "Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İSESKO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Facebook