Amaşovun təklifinə deputatlardan DƏSTƏK

Amaşovun təklifinə deputatlardan DƏSTƏK
"Respublika səviyyəsində daha çox tanındığına görə, "Mətbuat Şurası haqqında” ayrıca qanunun qəbulu mümkündür”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Əflatun Amaşovun "Mətbuat Şurası haqqında” qanunun hazırlanması və qəbulu məsələsini təklif etməsinə münasibət bildirərkən həmkarı Fazil Mustafa deyib:
 
"Mətbuat Şurası Azərbaycanın ictimai-siyasi həyatı, mətbuat sferasında ən mötəbər qurumlardan biridir. Ona görə də həmin qurumla bağlı ayrıca qanun layihəsi hazırlana bilər. Qanunlar adətən spesifik sahələri əhatə etməlidir. Ola bilsin indiyə qədər Şura əsasnamə əsasında fəaliyyət göstərib. Amma respublika səviyyəsində daha çox tanındığına görə, Mətbuat Şurası barədə ayrıca qanun layihəsinin qəbulu mümkündür. Burada heç də bəzilərinin düşündüyü kimi, Mətbuat Şurasının statusunun genişləndirilməsi məsələsindən daha çox, məsələyə dəqiqlik gətirməkdən söhbət gedir”.
 
Milli Məclisin digər deputatı Aqil Abbas da saytımıza açıqlamasında ümumən təklifi dəstəklədiyini bildirdi:
 
"Hazırda bizim üçün əsas məsələ Əflatun Amaşovun çalışdığı Mətbuat Şurası haqqında qanun yox, çap materialı olan kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi məsələsidir. Hansı ki, sözügedən verginin qalması qəzetlər üçün ciddi zərbədir. Amaşovun "Mətbuat Şurası haqqında”ayrıca qanunun olması barədə təklifinə gəldikdə, bununla bağlı dəqiq məlumatım yoxdur. Hər halda Əflatun müəllim təklif edibsə, səbəbi var. Fikrimcə, Mətbuat Şurasının da müəyyən səlahiyyətləri olmalıdır”.
 
Millət vəkili Fəzail İbrahimli də MŞ-yə geniş səlahiyyətlər verilməsinin lehinədir:
 
"Əflatun müəllim bu məsələyə çoxdan rəhbərlik edir və görünür həmin təklifi irəli sürərkən müəyyən arqumentlərə söykənir. Hesab edirəm ki, Mətbuat Şurasının fəaliyyətini nizamlayan qanuna ehtiyac vardır. Ona böyük səlahiyyətlər verilməlidir. Mətbuatda həddini aşan, şər və böhtanla məşğul olan müəyyən fərdlərin, bütövlükdə mətbuat adına ləkə gətirən addımlar atan, bu istiqamətdə mövcud qanunları pozan hər bir kəsə qarşı tədbir görülməsi üçün Şuraya səlahiyyət verilməsinin tərəfdarıyam”.
 
Qeyd edək ki, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov "Mətbuat Şurası haqqında” ayrıca qanun layihəsinin hazırlanmasını və qəbul olunmasını təklif edib. O bildirib ki, belə bir sənədin hazırlanaraq, parlament müzakirələrinə çıxarılmasına və qəbuluna ciddi ehtiyac duyulur. "Hesab edirəm ki, "Mətbuat Şurası haqqında” qanun layihəsinin işlənilib hazırlanması, ümumiyyətlə, medianın özünütənzimləməsi, bu prosesin qanun müstəvisində həyata keçirilməsi kifayət qədər vacibdir”. Deputat qanun layihəsi üzərində ilkin hazırlıqlara başlanıldığı və onun bu ilin yaz sessiyasında üzvü olduğu Mədəniyyət komitəsinin müzakirəsinə təqdim edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR