Alimenti ödəməyən kişiyə 2 illik bu cəza verildi

Alimenti ödəməyən kişiyə 2 illik bu cəza verildi
Siyəzən rayon Gil-Gil kənd sakini Gülsüm Məmmədova (şərti) keçmiş həyat yoldaşı Mirakif Həsənovu (şərti) aliment ödəmədiyi üçün məhkəməyə verib.

Sfera.az xəbər verir ki, G.Məmmədova məhkəmədə ifadə verərək Mirakiflə birgə nikahdan 6 və 8 yaşlı övladlarının doğulduğunu bildirib. 2019-cu ildə boşandıqdan sonra məhkəmə hər ay, hər bir uşağa görə 130 manat aliment təyin edib. Lakin Mirakif alimenti ödəməkdən boyun qaçıraraq bu günə kimi yığılan 3648 manatı ödəməyib.

Məhkəmə iclasında iştirak edən hadisə şahidləri, Siyəzən Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurları qeyd ediblər ki, Mirakif Həsənov daha öncə də alimenti ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə 500 manat cərimə olunub, lakin cəriməni ödəməkdən imtina edib.

M.Həsənov isə ifadəsində maddi imkansızlıqdan dolayı aliment ödəyə bilməyəcəyini deyib.

Məhkəmənin qərarı Mirakif Həsənova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk edə bilməyəcək.

Onun üzərinə qolunda elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. // "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR