"Alça, gilas bol olacaq, qiymətlər isə baha..." – Ekspert səbəbləri AÇIQLADI

Bir neçə gündür ki, cəmiyyət arasında ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitinin məhsuldarlığa təsir etməsi ilə bağlı fikirlər dolaşır. Belə ki, soyuq havanın mövsümi meyvələrə ziyan vurduğu bunun nəticəsində isə qiymətlərin bahalaşacağı bildirilir.
 
Bəs, görəsən, iddialar nə dərəcədə doğrudur? Mövsümi meyvələrə - alçaya, gilasa bir neçə həftə sonra süfrəyə qoymaq olacaqmı? Ya qiymətlər elə indiki kimi "əlyandıran" olacaq?

Məsələ ətrafında Sfera.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qiymətlərin tənzimlənməsi üçün ciddi nəzarətin olmasının vacibliyini qeyd edib:

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qiymətlərin tənzimlənməsi ilə bağlı proqnozlaşdırma aparmalıdır. Aqrar İnkişaf Mərkəzləri adlandırılan qurumlar öyrənməlidir ki, bu mövsüm nə qədər məhsul əldə ediləcək. Qışda müşahidə etdim ki, bəzi mövsümi olmayan məhsulları kosmik qiymətə satırlar. Ölkədə də belə şərait var ki, istədiyin məhsulu istədiyin qiymətə satırsan. Bu onunla nəticələnir ki, həmin sahələr monopoliya halını alır. Bu monopoliyanı quran adamlara isə Kənd Təsərrüfatı Nazirliyi münbit şərait yaradır ki, məhsuldarlıq yaxşı olsun. Lakin həmin adamlar bu fürsətdən suiistifadə edib qiyməti inanılmaz həddə çatdırırlar. İranda, Türkiyədə də mövsümi olmayan meyvələr yetişdirilir və normal qiymətə xalqa təqdim edilir. Azərbaycanda isə qiymətlər həmin ölkələrdəki qiymətlərdən 3-4 dəfə baha olur". 

Ekspert mövsümi meyvələrin bol, qiymətlərin isə buna rəğmən baha olacağını bildirib:

"Havanın kəskin dəyişməsinin məhsuldarlığa təsirinin qarşısını almaq mümkündür. Dəyən ziyanı minimuma endirmək olar, lakin bunu vaxtında etmək lazımdır, indi artıq gecdir. Həm də bu il hava şəraiti məhsuldarlığa ciddi ziyan vurmayıb. Bu səbəbdən məhsuldarlığın hətta keçən ildən də bol olacağını düşünürəm. Problemli məsələ ondan ibarətdir ki, benzinin, dizelin, suyun qiyməti qalxıb. Bu isə istər-istəməz mövsümi meyvələrin qiymətinə təsir edəcək. Yəni daşıma xərcləri, digər məhsulların qiymətinin artması da meyvələrin qiymətinin qalxması ilə nəticələnəcək". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR