“Aİ-95” benzinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaq? - Açıqlama
15:21 / 15.09.2021
785
"Benzinin
bahalaşmasının digər sahələrə psixoloji və yan təsirləri olacaq”.
Bu sözləri
Sfera.az-a açıqlamasında "Aİ-95” və "Aİ-98” markalı benzinin qiymətində baş vermiş
artımın digər sahələrə mümükn təsirlərindən danışarkən, İqtisadi və Sosial
İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov deyib:
"Heç bir
təsirinin olmayacağını demək, yanlış olardı. Strateji məhsulların qiymət
artımının bazarda psixoloji və yan təsirləri olur. Son bahalaşma digər sahələrdə
fəaliyyət göstərən sahibkarların qərar qəbul etmələrinə müəyyən qədər təsir etməklə,
əslində qiymət artımlarını təşviq edir”.
Ekspert
düşünür ki, belə vəziyyətlərdə premium və super yanacaq növündən istifadə edən
sferalarda, xüsusən də xidmət sahələrində maya dəyəri artacaq: "Maya dəyərinin
artması isə artıq müəyyən qədər həmin sahələrdə qiymət siyasətinə yenidən
baxmağa əsaslar yaradacaq. Təbii ki, burada alıcılıq gücü faktoru və qiymətə təsir
edən digər amillər də var”.
Həmsöhbətimiz
bildirir ki, orta və uzun müddətli dövrdə belə qiymət artımları hansısa formada
məhsul və xidmətlərin istehlak qiymətlərində də əks olunacaq:
"Ola bilər bu
proses qısa müddətli olsun. Çünki burada dünya bazarında baş verən proseslərin
də təsiri ola bilər. Belədə qısa müddətli prosesdə benzinin bahalaşmasının digər
sahələrə ciddi təsiri olmayacaq. İnsanların məcburən keyfiyyətli yanacaq növündən
keyfiyyətsiz yanacağa doğru istehlakını müşahidə edirik. Nəticədə ekoloji vəziyyət
daha da gərginləşir, zərərli tullantıların həcmi artır. Bəzi avtomobillər
tez-tez sıradan çıxır. Bu da öz növbəsində ailələrdə əlavə xərc yükü yaradır”.
Elçin