Ağstafada bütün tenderlərin “qalibi” olan şirkət kimə məxsusdur? - DETALLAR
13:49 / 02.11.2021
2005
Ağstafa rayonunda dövlət vəsaiti hesabına icra edilən bir çox layihələrin podratçısı (icraçısı) qismində "Meqa an İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Səma MM İnşaat” MMC çıxış edib. Adıçəkilən şirkətlər 2015-ci ildən bəri 30-dan çox layihənin "qalibi” olub və işlərin icrası ilə əlaqədar 5,66 milyon manatdan artıq vəsait alıblar.
Sfera.az rəsmi məlumatalara istinadən bildirir ki, hər iki şirkət bir şəxsə məxsusdur və həmin şirkətlərin eyni VÖEN-i (3600282541) var. Ağstafa şəhəri, M.Ə.Sabir, ev 9 ünvanında qeydiyyatda olan şirkətlərin hüquqi sahibi Yaşar Aslanov İmamverdi oğludur.
Y.Aslanov 2020-ci ilə qədər "Səma MM İnşaat” MMC ilə tenderlərə qatılıb. Həmin tenderlərdə abadlıq işlərinin alınması, tikinti materiallarının və fərdi evlərin təmir işlərinin satın alınması, cari və əsaslı təmir işlərinin satın alınması kimi çoxlu müabiqələrin "qalibi” olub. "Səma MM İnşaat” MMC 15 müsabiqəni "qazanmaqla” ümumilikdə 3,12 milyon manat əldə edib.
2020-ci ildən şirkətin adı dəyişdirilərək "Meqa an İnşaat” MMC adlandırılıb. Bu ad altında şirkət 18 müasabiqənin "qalibi” elan edilib və ona podratçı kimi 2,54 milyon manat ödəniş edilib.
Ağstafanın "sevimli” şirkətinə çevrilən "Meqa an İnşaat” MMC-nin yaranması və müsabiqələrdə aktiv iştirakı Seymur Orucovun rayonun yeni icra başçısı təyin edilməsindən sonraya təsadüf edir. Seymur Orucov 2020-ci ilin may ayında icra başçısı vəzifəsinə təyin edilib, "Meqa an İnşaat” MMC isə 2020-ci ilin ikinci yarısından layihələrə aktiv qoşulub. "Meqa an İnşaat” MMC-nin aldığı 18 tenderin 2020-ci ilin ikinci yarısından 2021-ci ilin oktyabrına qədər olan dövrdə keçirilməsinin təsadüfi olmadığı görünür.
"Meqa an İnşaat” MMC-nin "qalibi” olduğu sonuncu 2 müsabiqə sentyabrda yekunlaşıb. Həmin müsabiqələrdə təklifin qiyməti 71 443 manat olub.
Vasif
Sfera.az