Adambaşına ən çox əmanət qoyuluşu bu rayonlardadır - SİYAHI

Adambaşına ən çox əmanət qoyuluşu bu rayonlardadır - SİYAHI
2021-ci ilin martın 1-nə olan məlumata əsasən əhalinin banklarda olan əmanətlərinin həcmi 8 milyard 380 milyon manata yüksəlib. 

Diqqəti cəlb edən məqam son illərdə regionlarda əmanət qoyuluşunun artmasıdır. Bir neçə il əvvələ qədər regionlar üzrə cəmi əmanət qoyuluşu 200 milyon manat olduğu halda hazırda 900 milyon manatdır. Müqayisə göstərir ki, bir neçə il ərzində regionlar üzrə əmanətlərin həcmi 4 dəfədən çox artıb. 

Regionlar üzrə əmanət qoyuluşu artsa da, hələ də adambaşına düşən əmanətlərin həcminə görə Bakı ilə fərq olduqca böyükdür. 

Sfera.az saytının əhalinin sayının 2020-ci ilin yanvarın 1-nə olan məlumatı əsasında apardığı hesablama göstərir ki, adambaşına ən çox əmanət Bakıda, ən az əmanət Samux rayonunda qoyulub. Yalnız Bakıda adambaşına düşən əmanət qoyuluşunun payı 1000 manatı ötür. Digər rayonlarda ən yaxşı halda adambaşına düşən əmanət qoyuluşunun məbləği bir neçə yüz manatla ifadə edilir. 

Statistik məlumatların təhlili göstərir ki, Azərbaycanda adambaşına əmanət qoyuluşu 838 manat olub. Bu göstərici Bakıda 3256 manatdır. Digər regionlar üzrə adambaşına əmanət qoyuluşunun məbləği respublika üzrə olan orta göstəricidən aşağıdır. 

Bakıdan sonra ən yüksək göstərici Naxçıvan şəhərindədir. Naxçıvan şəhərində adambaşına əmanət qoyuluşunun məbləği 643,5 manat olub. Sonrakı yerlərdə 542 manatla Naftalan şəhəri, 447 manatla Xızı rayonu, 416 manatla Sumqayıt şəhəri, 300 manatla Sədərək rayonu gəlir.

Əmanət qoyuluşunun adambaşına düşən hissəsi 100 manatdan yüksək olan rayon və şəhərlərimizin sayı 29-dur. Respublika əhəmiyyətli şəhərdən adambaşına əmanət qoyuluşu Gəncədə 275 manat, Mingəçevirdə 228 manat, Yevlaxda 113 manat, Lənkəranda 127 manat, Şirvanda 106 manat, Şəki şəhərində 96 manat olub.

Adambaşına ən az əmanət Samux rayonunda qoyulub. Burada adambaşına düşən əmanətin məbləği 16 manatdır. Samuxla bərabər Goranboyda (18 manat), Tərtərdə (25 manat) olduqca az əmanət qoyulub. 

Bakı və Bakıya yaxın yaşayış məntəqələrində əmanət qoyuluşunun çox olması müşahidə edilir. Bunu 2 səbəblə izah etmək olar. Birinci səbəb burada rəsmi qeydiyyatda olan əhali sayı ilə faktiki yaşayan əhali sayının kəskin fərqlənməsidir. Abşeron yarımadasında faktiki əhalinin sayı daimi yaşayış qeydiyyatı olan insanların sayından təxminən 2 dəfə çoxdur. Buna görə də, xüsusən Bakıda banklara daha çox insan əmanət yerləşdirsə də, daimi yaşayış qeydiyyatı olanların sayının az olması hesabına adambaşına düşən məbləğ kəskin fərqlənir.
 
İkinci səbəb əhalinin gəlirləri ilə bağlıdır. Bakı ilə müqayisədə regionlarda əhalinin gəlirləri xeyli aşağı olduğuna görə onların yığım imkanları məhduddur. Paytaxtda əmək haqqı səviyyəsinin yüksək olması, gəlir əldə etmə mənbələrinin çeşidliliyi, investisiya qoyuluşunun daha çox hissəsinin Bakıya yönəlməsi əhalinin gəlir səviyyəsinin sürətlə yüksəlməsinə və daha çox yığım etmək imkanının yaranmasına səbəb olur.

Müqayisə üçün onu da bildirək ki, Azərbaycan adambaşına əmanət qoyuluşuna görə keçmiş SSRİ ölkələrinin bir çoxundan geridə qalır. Adambaşına əmanət qoyuluşu Belarusda 1900 manat, Latviyada 4500 manat, Litvada 5720 manat, Rusiyada 5300 manat, Ukraynada 1500 manat təşkil edib. 

Vasif
Sfera.az






OXŞAR XƏBƏRLƏR