\"ABŞ və Türkiyə görüşündə Baydenin Rusiya ilə bağlı çıxarı var\"- 14 iyundan GÖZLƏNTİLƏR

\
Xəbər verdiyimiz kimi ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.
 
Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi Ceyk Sallivan Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyin olacağını bildirib.

Maraqlıdır, sözgedən görüşün nəticələri necə olacaq? ABŞ və Türkiyə birlikdə Qarabağda daimi sülhə töhvə verə bilərmi?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Naqif Həmzəyev Bayden-Ərdoğan görüşünün NATO maraqlarına xidmət edəcəyini bildirib: 

"ABŞ-ın bütün regionda maraqları var. Qarabağ məsələsinin həllinə də ABŞ həmişə çox obyektiv yanaşmağa çalışıb. Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə tərəfləri sülhə, problemi sülh yolu ilə həll etməyə çağırıb. Düşünürəm ki, Ərdoğanla Baydenin görüşündə də regionda sülhün qorunub-saxlanılması üçün mövcud vəziyyət müzakirə ediləcək. Hər iki dövlət NATO üzvüdür və regionda da təbii olaraq Türkiyə əsas rol oynayır, Qarabağ probleminin həllində də Türkiyə ortaya çox obyektiv mövqe qoymuşdu. Burada əsas məsələ NATO-nun maraqları, Qafqazda sülhün qorunub-saxlanılması, Ermənistan və Azərbaycan arasında hasnısa yeni münaqişənin başlanılmamasıdır".

Deputat ABŞ tərəfinin görüşdən Rusiya ilə bağlı çıxarının olacağını da vurğulayıb:

"ABŞ-ın görüşdən ikinci çıxarı Rusiyanın təsir gücünün çoxalıb-çoxalmamasına yönəlikdir. İstənilən halda burada əsas hədəf yeni münaqişənin yaranmaması və daimi sülhün bərqərar olmasıdır. İndi reallıqlar dəyişib, diqtə edən tərəf Azərbaycandır və ABŞ-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir. Həmçinin, Azərbaycan bir çox dost ölkələri "Qarabağa qayıdış" proqramına dəvət edib ki, bu da görüşdə müzakirə mövzusu ola bilər. "Ağıllı kənd", "Ağıllı şəhər" layihələrinin də icra edilməsinə ABŞ şirkətlərinin maraq göstərməsi gözlənilir. ABŞ və Türkiyə görüşünün nəticəsinin istənilən halda bizim üçün uğurlu olacağını düşünürəm". 

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR