ABŞ Ukraynanın NATO üzvü olmağını niyə istəmir? - Rusiya ilə gizli razılaşma, yoxsa...

ABŞ Ukraynanın NATO üzvü olmağını niyə istəmir? - Rusiya ilə gizli razılaşma, yoxsa...
Ukrayna prezidenti Zelenskinin NATO-nun Ukraynanın üzvlüyə qəbul etmək barədə müsbət qərar verdiyini bildirdi. Bundan dərhal sonra ABŞ Prezidenti Co Bayden NATO-ya üzv olmazdan əvvəl ölkədə korrupsiya təmizləmələri aparmaq və digər meyarlara cavab vermək lazım olduğunu bəyan etdi. Bu, ABŞ-ın Ukraynanın NATO-ya üzv olmamasında maraqlı olduğunun göstəricisidir.
 
Putinin Ukraynanın NATO üzvlüyü məsələsinə qarşı sərt reaksiya verməsi, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin yaxşı nəticələrinin olmayacağını deməsi səbəbilə ABŞ-ın çəkindiyi ehtimal edilir. 

Bəs həqiqətdə ABŞ Rusiyaya qarşı tərəfdaşı olan Ukraynanın NATO üzvlüyünə qəbuluna niyə qarşı çıxır? Bu istiqamətdə Rusiya ilə gizli razılaşma ola bilərmi?

Mövcud suallar ətrafında Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukraynanın bəzi ölkələr tərəfindən alət olaraq istifadə edildiyini bildirib:

"Qlobal qarşıdurmada Ukrayna Rusiyaya təzyiq formalaşdırmaq üçün bəzən alət kimi istifadə olunur. Lazım olanda o təzyiq aləti gücləndirilir, lazım olanda sakitlik olur. İndiki mərhələdə nisbi və ciddi maneəni gündəmə gətirərkən ABŞ qərar qəbul edib ki, bu prosesi sürətləndirməsinlər. ABŞ-ın korrupsiya ilə bağlı gətirdiyi arqument çox mənasızdır, çünki korrupsiya hər yerdə var və NATO üzvlüyünə daxil olan ölkə bunu daha tez kompensasiya edə bilər. Lakin görünən odur ki, kimsə burada məntiqi axtarmır. Qərb tərəfindən ciddi dəstək yoxdur və Ukrayna siyasi hədəfə çatmaq üçün istifadə olunur".

Sabiq nazir Putinin NATO ilə bağlı narahatlılığının bir halda yox ola biləcəyini deyib:

"Qərb və Rusiya əlaqələri normal olanda NATO-nun Rusiyaya doğru genişlənməsi problem deyil. Gəlin yaddan çıxarmayaq ki, Putin hakimiyyətə təzə gələndə Rusiyanın da NATO-ya üzv olması ilə bağlı fikirlər səsləndirib. Putin İtaliyada beynəlxalq səviyyəli tədbirlərdən birində bu fikri səsləndirsə də, sonra niyyətindən geri döndü. Əslində hər şey dediyim kimi Rusiyanın Qərbə olan münasibətindən asılıdır. Bundan sonrakı mərhələdə Rusiyanın NATO-ya qarşı sərt reaksiya verəcəyini, narahat olacağını düşünmürəm".   

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR