ABŞ Ukraynadakı gərginliyi buna görə körükləyir: “Böyük oyun” regiona necə təsir edəcək?

ABŞ Ukraynadakı gərginliyi buna görə körükləyir: “Böyük oyun” regiona necə təsir edəcək?
ABŞ-da demokratların hakimiyyətə gəlməsindən sonra Ukrayna ətrafında gərginliyin yenidən artması müşahidə edilir. Ukrayna şərq rayonlarında seperatizmi aradan qaldırmaq üçün hərbi əməliyyatlara hazırlaşır, Rusiya isə Ukrayna ilə sərhəddə böyük ordu, hərbi texnika cəmləməklə bunun qarşısını almaq istəyir. İlk baxışdan gərginliyin Ukrayna ilə Rusiya arasında baş verdiyi təəssüratı yaransa da, əslində problemin mərkəzində başqa qüvvələrin və başqa məqsədlərin dayandığı üzə çıxır. 

Türkiyəli ekspertlərin proqnozlarına əsasən, bu gərginliyi yaranmasında ABŞ daha çox maraqlıdır. ABŞ-ın burada əsas məqsədi gərginliyi artıraraq Rusiyaya əlavə sanksiyalar tətbiq etmək və "Şimal Axını - 2” layihəsinin reallaşmamasına nail olmaqdır. ABŞ-ın "Şimal Axını - 2” layihəsini dayandırmaqla Avropanın Rusiyadan enerji asılılığının artmasının qarşısını almağa çalışdığı güman edilir.

Sfera.az xatırladır ki, 2014-cü ildə Rusiya və Ukrayna arasında gərginliyin yaranmasından sonra "Şimal Axını-2” layihəsi aktuallıq qazanıb və 2016-cı ildən kəmərin çəkilməsinə hazırlıq işlərinə başlanılıb. Bu kəmər Sank-Peterburq şəhəri yaxınlığından başlayaraq Baltik dənizindən keçməklə Almaniyaya qədər uzanacaq. 

Kəmərin illik ötürücülük qabliyyəti 55 milyard kub metrdir və o, istismara verildikdən sonra Avropanın idxal qazına olan tələbatının önəmli hissəsini qarşılayacaq. 

Artıq kəmərin xeyli hissəsi çəkilib. Əgər ABŞ mane olmasa, 2022-ci ildə kəmər istifadəyə veriləcək. Bu səbəbdən rəsmi Vaşinqton başda Almaniya olmaqla kəmərin keçdiyi ərazilərlə əlaqəsi olan Danimarka, Finlandiya və İsveçə kəmərin tamamlanmaması üçün təzyiq göstərir. 

"Şimal Axını-2” işə düşəcəyi təqdirdə Rusiya qazının önəmli hissəsi Almaniya vasitəsilə Avropaya satılacaq. Almaniya bu layihədən böyük iqtisadi divident qazandığından kəmərin çəkilməsində israr edir. Ekspertlər ehtimal edir ki, ABŞ Avropa ilə Rusiya arasında daha ciddi gərginlik yaratmadan Almaniyanı fikrindən döndərə bilməyəcək. Buna görə də Ukraynanın şərqindəki ocağı yenidən alovlandırmağa ehtiyac yaranıb. Ukrayna ilə bağlı münaqişəli vəziyyət ağırlaşacağı təqdirdə Almaniya Rusiya münasibətlərinin pozulacağı və bununla da "Şimal Axını-2” layihəsinin dayanacağı güman edilir. 

ABŞ Avropaya "Şimal Axını-2” layihəsinin əvəzinə maya qaz təklif edir. Maya qazın dəyəri daha yüksəkdir və təbii qazın bu şəkildə idxalı üçün əlavə infrastruktura ehtiyac var. Amma Rusiyanın təklif etdiyi qaz nisbətən ucuz və idxalı daha asandır. 

Ukrayna gərginliyinin güclənəcəyi təqdirdə ABŞ dollar indeksini də yüksəldə bilər. Hazırda indeks 92,3 səviyyəsindədir. 2014-cü ildə indeks 80 səviyyəsində idi. Ukrayna problemindən sonra indeks sürətlə artaraq 100 səviyyəsinə çatdı, hətta 2016-cı ildə 102 səviyyəsini də gördü. 

İndeksin yüksəlməsi dolların bahalaşması anlamını verir. Dollar bahalaşdıqda neft, qiymətli metallar, əlvan metallar ucuzlaşır ki, bu da Rusiyanın gəlirlərinə mənfi təsir göstərir. Güman edilir ki, Ukrayna ətrafındakı gərginlik dolların bahalaşması ilə bərabər neft qiymətlərinin bir qədər enməsi ilə də nəticələnə bilər. Neft qiymətlərinin 50 dollar səviyyəsinə geriləməsi mümkün görünür. 

Ukrayna gərginliyi həm də İrana qarşı sanksiyaları yumşalda bilər. Hazırda İranla sanksiyaların yumşaldılması istiqamətində danışıqlar aparılır. Böyük ehtimalla ABŞ-la Rusiya arasında münasibətlər bir qədər də pisləşsə, İrana qarşı sanksiyalar yumşaldılacaq və nəticədə İrandan neft, qaz ixracı asanlaşacaq. 

Beləliklə, Ukrayna ətrafında gərginliyinin artması "Şimal Axını-2” layihəsinin dayandırılmasına, İranla razılaşmanın əldə edilməsinə, dolların bahalaşmasına, neftin isə bir qədər ucuzlaşmasına səbəb ola bilər. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR