ABŞ İraqdakı qüvvələrini geri çəkməyi qəbul etdi

ABŞ İraqdakı qüvvələrini geri çəkməyi qəbul etdi
ABŞ-la İraq arasında keçirilən 3-cü Strateji Dialoq Danışıqlarında İraqdakı ABŞ əsgərlərinin geri çəkilmə müddətinin davam etdirilməsi istiqamətində ortaq qərara gəlindiyi açıqlanıb.
 
Sfera.az xəbər verir ki, dialoq danışıqlarına ABŞ Dövlət katibi Antoni Blinken, İraq Xarici İşlər naziri Fuad Hüseyn və digər diplomatlar qatılıb.

Danışıqlardan sonra verilən ortaq açıqlamada ABŞ-ın İraqın suveren hüquqlarına, ərazi bütövlüyünə və qanuni səlahiyyətlərinə hörmət etdiyi vurğulanıb.
 
İraqdakı ABŞ əsgərlərinin Bağdad rəhbərliyinin dəvəti ilə İraq Təhlükəsizlik Qüvvələrini dəstəkləmək üçün bu ölkədə olduqlarına və İraq qüvvələrinin potensialının artdığına diqqət çəkilərək, "ABŞ və koalisiya qüvvələri bundan sonra daha çox təlim və məsləhətləşməyə diqqət ayıracaq, beləliklə buradakı ABŞ qüvvələrinin digər yerlərə göndərilməsinin önü açılacaq", - deyə bildirilib.

Açıqlamada İraqdakı ABŞ əsgərlərinin ölkədən çıxma təqviminin qarşıdakı görüşlərdə dəqiqləşdiriləcəyi və qalan ABŞ, eləcə də İŞİD-ə qarşı koalisiya qüvvələrinin yalnız təlim və məsləhət vəzifələrini yerinə yetirəcəkləri qeyd edilib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR