ABŞ-ın son sanksiya zərbəsi: Rusiyanın SWİFT sisteminə girişi qadağan ediləcək

ABŞ-ın son sanksiya zərbəsi: Rusiyanın SWİFT sisteminə girişi qadağan ediləcək
ABŞ və onun Avropalı müttəfiqləri Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə daha sərt sanksiyalar tətbiq edəcək.

Sfera.az xəbər verir ki, müttəfiqlər arasında aparılan müzakirələrlə bağlı məlumatlı mənbə "Bloomberg”ə mümkün sanksiyaların bəzi detallarını açıqlayıb. 

ABŞ işğala cavab olaraq Rusiyanın ən böyük banklarına və Rusiyada Birbaşa İnvestisiya Fonduna rublun dollara və digər xarici valyutalara dəyişdirilməsi imkanlarını məhdudlaşdıracaq. Bunlardan başqa Rusiyanın SWİFT maliyyə ödəmə sisteminə girişi qadağan olunacaq, ABŞ-ın investorlarına Rusiyanın təkrar bazarda qiymətli kağızlarına sərmayə qoyması dayandırılacaq.  

Məlumatlara görə, mümkün sanksiyalar haqqında ABŞ prezidenti rusiyalı tərəfdaşını çərşənbə axşamı keçirilən görüşdə xəbərdarlıq edəcək. 

"Bloomberg”ə verilən məlumata əsasən, sanksiyalar arasında ən ağırı Rusiyanın SWİFT sisteminə girişin qadağan edilməsi olacaq. Bu sanksiya Rusiya iqtisadiyyatına da mənfi təsir edəcəyindən yaranmış vəziyyətdə sadə vətəndaşlar, kiçik və orta şirkətlər də əziyyət çəkəcək. Mənbə iddia edib ki, buna görə də SWİFT sisteminə girişin qadağan edilməsi ən pis və sonuncu variant kimi nəzərdən keçirilir. İlkin variantda rublun dollar, avro və funt sterlinq kimi əsas valyutalara dəyişdirilmsəinə qadağanın tətbiqi nəzərdə tutulacaq.

Qeyd edək ki, Rusiya Ukrayna sərhəddinə topladığı hərbi texnikanın və əsgərlərin işğal məqsədi daşımadığını, onların təlimə cəlb edildiyini bildirir. Bununla belə, Rusiya Ukraynanın NATO-ya üzv edilməyəcəyinə dair təminat da istəyir.

Məlumat üçün bildirək ki, SWİFT sistemi ölkə daxilində və ya ölkə xaricində olan bank hesablarında xarici valyutada əməliyyat aparmaq üçün istifadə edilir. SWİFT sistemindən kənarlaşdırılan bank xarici valyutada əməliyyat apara bilmir. Rusiya bu sistemdən çıxarılarsa, ixrac etdiyi malların, o cümlədən neft və qazın pulunu almaq çətinləşəcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR