ABŞ-ın hədəfində olan Putinin övladları - Sanksiya tətbiq edilən qızları kimdir? - TƏFƏRRÜAT / FOTO

ABŞ-ın hədəfində olan Putinin övladları - Sanksiya tətbiq edilən qızları kimdir? - TƏFƏRRÜAT / FOTO
ABŞ administrasiyasının bu həftə ərzində Putinin qızlarına sanksiya tətbiq etməyi düşünməsi Rusiya liderinin ailəsi ilə bağlı məlumatları yenidən gündəmə gətirib. İctimaiyyətdən uzaq bir həyat yaşayan Putin ailəsini də hər zaman medianın diqqətindən kənarda saxlamağa çalışır.
 
Məsələn, o, 2015-ci ildə keçirdiyi mətbuat konfransında qızları ilə bağlı sualları cavablandırarkən, "Qızlarım Rusiyada yaşayır və təhsillərini də burada alıblar. Onlarla fəxr edirəm, üç xarici dildə sərbəst danışırlar. Lakin hər kəsin öz taleyini yaşamaq hüququ var, ailəm haqqında heç kimlə danışmıram. Onlar öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər”, - deyib.

Bəs Putinin qızları kimdir?

Sfera.az bildirir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın adları hallanır. Onlar Rusiya prezidentinin boşanmış həyat yoldaşı Lyudmiladan olan qızlarıdır. Cütlük 1983-cü ildə evlənəndə Putin KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti, Lyudmila isə stüardessa idi. Onların evliliyi 30 il davam etdi və bu müddət ərzində Putin Rusiya siyasi sistemində sürətlə yüksəldi. Cütlük 2013-cü ildə ayrılıb. "Bu, birgə qərar idi, bir-birimizi çox az görürük və hər ikimizin öz həyatımız var", - Putin bildirib. Lyudmila isə Vladimir Putin haqqında, "Tamamilə öz işinə fokuslanıb", - deyə söyləyib.
 

 

Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb. Mariya Vorontsova indi endokrin sistem üzrə ixtisaslaşmış akademikdir. Onun uşaqlarda böyümə geriliyi halları haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan müstəntiqdir. Bununla yanaşı, o, iş qadınıdır - Vorontsovanın böyük tibb mərkəzi tikməyi planlaşdıran şirkətlə tərəfdaş olduğu bilinir. Mariya holland iş adamı Jorrit Joost Faassen ilə evlidir. Faassen bir vaxtlar Rusiyanın dövlət enerji nəhəngi olan "Qazprom”da işləyib. Cütlüyün ayrıldığı haqda xəbərlər var.

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova böyük bacısından fərqli olaraq daha çox göz önündə olub. 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində o, partnyoru ilə 5-ci yeri tutub. Elə həmin il Katerina Putinin çox köhnə dostunun oğlu Kirill Şamalovla evləndi. Onların toyu Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda keçirilib. 2018-ci ildə Kirill Şamalov Rusiyanın enerji sektorundakı roluna görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri olub. ABŞ bəyan edib ki, Şamalovun aktivləri "evləndikdən sonra əhəmiyyətli dərəcədə artıb”. Lakin bu cütlük də ayrılıb. Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadındır. 2018-ci ildə o, Rusiyanın dövlət mediasında çıxışı zamanı neyrotexnologiyadan danışıb. O, 2021-ci ildə biznes forumunda da görüntülənib, lakin heç bir halda Putinin qızı kimi təqdim edilməyib.
 
 
Putinin nəvələri də var. O, 2017-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu desə də, onların sayını və hansı qızından olduqlarını açıqlamayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR