ABŞ dolları ucuzlaşacaq – Pandemiya dünyanın bir nömrəli valyutasını “vurdu”

ABŞ dolları ucuzlaşacaq – Pandemiya dünyanın bir nömrəli valyutasını “vurdu”

Covid-19 pandemiyasının yayılmasından sonra dolların digər aparıcı valyutalar qarşısında kəskin şəkildə dəyər itirəcəyinə dair iddialara tez-tez rast gəlinir. Bu iddialara əsasən, ABŞ-ın xarici ticarət əməliyyatlarında və bununla əlaqədar olaraq cari əməliyyatlar balansında böyük kəsir yarandığından, iqtisadiyyat tənəzzül etdiyindən dollar nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq.


Sfera.az xatırladır ki, hələlik, bu ehtimal özünü qismən doğruldub. Pandemiya 2020-ci ilin martından müşahidə edilir və həmin tarixdən bəri dollar 10 faizə yaxın ucuzlaşıb. Dolların ümumiləşmiş məzənnə dəyərini ifadə edən Dollar İndeksi martda 103,5 səviyyəsində olduğu halda hazırda 93 səviyyəsindədir. Ötən müddətdə Dollar İndeksinin 9,7 faiz enməsi qeydə alınıb.

 

Xarici ekspertlər hesab edir ki, dollarda ucuzlaşma davam edəcək və indeks 70 səviyyəsinə qədər geriləyəcək. Dollar İndeksində belə bir hədd 2008-2009-cu illərdə müşahidə edilən qlobal maliyyə böhranı zamanı müşahidə edilib. Həmin dövrdə indeks 72-73 həddinə qədər enmişdi. Ekspertlər hesab edir ki, indiki vəziyyət əvvəlkindən daha acınacaqlıdır.

 

Dolların məzənnəsindəki dəyişikliyi avro/dollar kursunda daha aydın müşahidə etmək olar. Hazırda kurs 1,18 səviyyəsindədir. Son bir ildə avro dollara nisbətən 7 faiz bahalaşıb. 2020-ci ilin martında kurs 1,07 həddinə qədər enmişdi. Martla müqayisədə hazırda kurs 10,3 faiz yüksəlib.

 

İqtisadçı-ekspert Stiven Rouçun fikrincə, bu, kəskin böhran şəraitində valyuta bazarının olduqca qeyri-adi davranışıdır. Ekspert deyir ki, bu, dolların uzunmüddətli enişinin əlamətidir: "Birincisi, buna ABŞ-ın artan ticarət defisiti təsir edir. İkinci əsas amil isə ABŞ-da əmanətlərin həddən artıq aşağı səviyyədə olmasıdır. O hesab edir ki, dollar müxtəlif şoklara qarşı son dərəcə həssas olub. Bundan əlavə, yaxın bir neçə ildə qaçılmaz olacaq böyük büdcə kəsirləri də ABŞ valyutasına təzyiqi artıracaq.


2020-ci ildə federal büdcə kəsiri 16%, 2021-ci ildə isə növbəti fiskal stimullaşdırma raundu nəzərə alınmadan "cəmi” 8,6% səviyyəsində qiymətləndirilir. Bu ilin enişinə baxmayaraq, dolların real effektiv kursu 2011-ci ilin minimumundan 27% çoxdur”.


S.Rouçun fikrincə, dolların əsas valyutalara nisbətdə enişi gələn ilin sonuna qədər 35%-ə çata bilər. Bu o deməkdir ki, avro 1,5 dollar səviyyəsinə çatacaq.

"Bank of Singapore”un baş iqtisadçısı Mənsur Mohiuddinin isə qənaətincə, bu il yuanın dollar qarşısında nəzərəçarpacaq dərəcədə güclənməsi gələcəkdə dolların zəifləyəcəyinə işarədir. "A.G. Bisset”dən olan Ulf Lindal hesab edir ki, dollar gələn il avroya nisbətən 36% nisbətində azala bilər. "Goldman Sachs” analitikləri isə yaxın gələcəkdə dolların əsas hərəkət istiqamətinin azalma aşağıya doğru olacağını proqnozlaşdırırlar: 2023-cü ilə qədər 1 avro 1,3 ABŞ dolları dəyərində olacaq.


Xatırladaq ki, avro/dollar kursunda 1,5 səviyyəsi bir dəfə qeydə alınıb. 1999-cu ildən dövriyyə buraxılan avronun dollar nəzərən kursu 2008-ci ilin aprel-iyun dövründə 1,5-dən yüksək olub. Hətta bəzi günlərdə kurs 1,57 səviyyəsinə qədər yüksəlib. 2008-ci ildə qeydə alınan yüksək məzənnə ən uzun müddətli rekord göstəricidir. Sonralar məzənnə tədricən enərək 2016-cı ilin sonlarında 1,05-1,06 həddinə qədər düşüb.

 

Bu ilin mayından avro yenidən dollar nisbətən bahalaşır. Mayın əvvəlində 1,08 olan avro/dollar kursu hazırda 1,18-dir.

 

2008-2009-cu ilin maliyyə böhranı göstərdi ki, ABŞ çətin iqtisadi vəziyyətlə üz-üzə qalanda çıxış yolu kimi dolları ucuzlaşdırır. Ucuz dollar əmtəə qiymətlərinin yüksəlməsinə və nəticədə iqtisadi dövriyyənin, fəallığın artmasına səbəb olur.

 

Azərbaycan üçün dolların ucuz olması əlverişlidir. Dollar ucuzlaşanda neft bahalaşır və xarici valyutada olan gəlirlərimiz artır. Bu baxımdan qarşıdakı dövrdə dollar ucuzlaşarsa, bundan yalnız məmnun olmaq lazımdır.

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR