ABB-dən milli paralimpiya komandasına dəstək!
14:18 / 04.08.2021
951
Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio
Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı
kimi çıxış edir.
Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Paralimpiya
Komitəsi arasında müqavilə imzalanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov idman
və paralimpiya hərəkatına dəstəyin Bankın korporativ sosial məsuliyyət
strategiyasında xüsusi yer tutduğunu bildirib: "Milli paralimpiya
komandamıza maliyyə tərəfdaşlığı ABB-nin sosial məsuliyyətindən və ənənələrindən
irəli gəlir. Paralimpiyaçılarımızın əzmkarlığı bir daha göstərir ki, qalibiyyət
heç bir məhdudiyyət tanımır. Onların belə yüksək arenada ölkəmizi təmsil etməsi
cəmiyyətimizdə idmana marağı daha da artırır, paralimpiya hərəkatını genişləndirir.
İdmançılarımızdan parlaq qələbə xəbərləri gözləyirik. Onlara uğurlar
arzulayırıq”.
Azərbaycan idmançıları Tokio Yay Paralimpiya Oyunlarında
26 avqust - 4 sentyabr tarixləri arasında mübarizə aparacaqlar. Azərbaycanı bu
mötəbər idman tədbirində müxtəlif növlər üzrə 36 idmançı təmsil edəcək.
Xatırladaq ki, ABB XXXII Tokio Yay Olimpiya
Oyunlarında milli olimpiya komandamızın da maliyyə tərəfdaşıdır.