“Ağ ölüm”: hamının dərdi, internetin fəsadı, “sənə qurban”ın acısı... - ARAŞDIRMA

“Ağ ölüm”: hamının dərdi, internetin fəsadı, “sənə qurban”ın acısı... - ARAŞDIRMA
Narkomaniyanı dövrün bəlası adlandırırlar. Yunan sözü olan narkomaniya "narko” – yuxu, bihuşluq, "maniya” – cazibə, aludəlik, psixi pozğunluq mənasını daşıyır.
 
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu gün dünya əhalisinin 250 milyonu bu ağır bəladan əziyyət çəkir. Bunun 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.
Statistikaya görə, bu gün təkcə Meksikada narkomaniya bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrində isə 750 minə yaxın insan narkotik vasitələrin istifadəçisidir. MDB və Asiya ölkələrində 26 milyondan çox insan "ağ ölüm”ün əsrinə çevrilib.
Mütəxəssislərin fikrincə, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda narkotizm o qədər geniş yayılmasa da, narkomanlıq yoluxucu xəstəlik kimi mövcuddur. Üstəlik, QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) aparan yol olduğu üçün bu barədə düşünməyə dəyər.
 
Qeydiyyat statistikası
 
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il üzrə hesabatına əsasən, mərkəzdə 30.131 nəfər qeydiyyatda olub ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.  Ötən ilin məlumatına əsasən isə qeydiyyatda olanlar artıq 31.500-ə çatıb.
 
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib ki, onlardan 298 nəfəri Azərbaycan vətəndaşı, 8 nəfəri əcnəbilərdir.
 
Bir ilin cinayətləri
 
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, 2018-ci ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1853 fakt aşkar edilib ki, onlardan 525-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib.
 
Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən 6958 ədəd çətənə kolu, 2 kq 256,4 qr güclü təsir edən və 1 kq 480,2 qr zəhərli maddə müsadirə olunub.
 
Cari dövr ərzində 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, qulluqçu və ya maddi məsul şəxs, 1-i orta məktəb şagirdi, 471-i əvvəllər cinayət törədənlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olanlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub.
 
Bütövlükdə ötən il transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük şəkildə narkotik vasitələrin çıxarılmasına yönəlib. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilən 2965 (+238), o cümlədən onların satışı ilə bağlı 897 (+98) fakt üzrə cinayətkarlardan ötən il ərzində 191,8 kiloqram çox (+20,3%), bütövlükdə 1 ton 136 kiloqram narkotik vasitə götürülüb. Güclü təsirə malik narkotik vasitələr sinfinə aid olan 290 kiloqram tiryək və heroin dövriyyədən çıxarılıb, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 45 cinayətkar qrup zərərsizləşdirilib, ümumi çəkisi 138 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq, yaşıl kütlə halında məhv edilib. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunan 2349 nəfərdən 2020-i (86 faizi) əmək qabiliyyətli işləməyən və oxumayan, 902-i (38,4 faizi) əvvəllər cinayət törədib, 30-u (1,3 faizi) qadınlardır.
 
Həkim-narkoloq nə deyir?
 
Həkim-narkoloq Asif  Kəngərli  narkotik maddələrin  daha çox yayılanlarının  xaş-xaş, tiryək, marixuana, heroin, kokain olduğunu bildirib.
 
Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələrin olduğunu da vurğulayıb: "Narkotik vasitələr 3 yerə bölünür. Yüngül, ağır və daha ağır narkotik maddələr. Yüngül narkotik maddələrə marixuana, yəni nəşə aiddir. Bunun qəbulu xəstədə bir müddət müəyyən məmnunluq yaradır. İştahanı açır, amma marixuana haqqında olan fikirlərin bir qismi ciddi deyil, ziddiyyətlidir, qeyri-elmidir. Marixuana yüngül narkotik vasitə sayılsa da, çox ciddi fəsadları olur.
Xəstə heç bir işlə ciddi məşğul olmur, avaralanır. Təhsildən, işdən soyuyur, intizamsız adama çevrilir. Psixi xəstəlik olan şizofreniyaya səbəb ola bilir.
Marixuana ağır narkotik vasitələr üçün tramplin rolunu oynayır. Yəni marixuana çəkən xəstə sonradan asanlıqla heroin və digərlərinə keçir.
Ağır narkotiklərdən olan heroin psixosomatik xəstəliklər yaradır. Onun qəbulu zamanı  beyində və bədəndə böyük patologiyalar əmələ gəlir. Bu və ya başqa xəstəliyin ən azından bünövrəsi qoyulur. Davranış pozğunluğu, xəstənin evə, ailəyə və işə münasibəti dəyişir. Şəxsiyyət pozulur, deqradasiya əmələ gəlir. Aqressiv olan belə şəxslər kriminal elementlərdir. Özlərinə və başqa insanlara xəsarət yetirə bilərlər. Belələri cəmiyyət, ailə, qonşular və s. üçün təhlükə sayılırlar.
Onlarda normal insana xas olan əxlaqi gözəlliklər olmur. Bu cür insanlar geriyə inkişaf edir. Hamısı belə olmasa da, əksəriyyətində belə olur. Narkotik vasitə qana sorulan kimi bütün orqanlara, toxumalara gedir. Ən çox beyini zədələyir. İkinci qara ciyəri, daha sonra ürəyi, böyrəkləri, damarları, endokrin sistemi, immun sistemi, ağciyərləri zədələyir, bu və ya başqa şəkildə öz izini qoyur”.
 
Kimlərin narkoman olma ehtimalı var?
 
Həkimin dediyinə görə, ailədə ərköyün, məhdudiyyətsiz, intizamsız böyüdülmüş uşaqların narkoman və alkoqolik olma ehtimalı daha böyükdür: "Ərköyün böyüdülən uşaqlar eqoist olurlar. Belə insanlar özlərindən başqa heç kimi sevmirlər, istəmirlər. Hətta bəziləri ata-anaya əziyyət verəndə zövq alırlar. Əksəriyyəti isə nankor adama çevrilirlər. Ona nə qədər yaxşılıq etsən də qiymətləndirmirlər. Elə başa düşürlər ki, sən ona borclusan. Belə adamlar narkomana çevriləndə iradələri olmadığından və  həyatda mübariz keyfiyyətləri formalaşmadığı üçün təzədən sağlam həyat tərzinə qovuşmaları xeyli çətinləşir. Ona görə yox ki, narkomaniyanın müalicəsi yoxdur. Ona görə ki, onların iradi keyfiyyətləri yoxdur: "Bizə müraciət edən xəstələrdən görürük ki, narkomaniyaya qurşanmış insanların 90 faizi ərköyün böyüdülmüş uşaqlardan çıxır. Belə uşaqlara ailələr  14-15 yaşında maşın alırlar. "Sənə qurban” deyə-deyə qulluğunda dururlar. O uşaq elə bilir ki, bütün günahları bağışlanmalıdır. Ata-ana ona borcludur. Narkotikin qəbulu insan əxlaqını dəyişdirir, şəxsiyyətini pozur”.
 
Həkim deyir ki, narkotik vasitələrdən istifadə edən qızlar olsa da, onlar müalicə üçün müraciət etmirlər. Onun sözlərinə görə, müalicə üçün müraciət edənlərin böyük əksəriyyətinin sağalma faizi yüksəkdir: "Biz xəstələri anonim şəkildə evində müalicə edirik. Xəstə müalicəyə özü könüllü gəlməlidir. Xəstə qapını döyürsə, demək müalicə üçün qərarını verib. Bəziləri ata-anasının təhriki ilə məcburi şəkildə gəlirlər. Müraciət edən 10 nəfər narkomandan 6-sı düzəlir. Alkoqollarda isə 80 faizə qədər sağalma mümkün olur”.
Asılılığın neçə müddətə yaranmasına gəlincə, həkim deyir ki, qısa zamanda asılılıq yaratması üçün narkotik maddələrə çox kimyəvi maddələr qatılır: "Tərkibinə çox maddələr qatılan vasitələrdən asılılığın yaranması üçün bir neçə ay deyil, bir neçə gün bəs edir. Təbii vasitələr isə bir müddət sonra asılılıq yaradır. Deyək ki, iynə vuran üçün 5-8 iynə bəs edir. Dərmanlar iki aydan sonra asılılıq verir. Xəstələr adətən həkimin yanına müəyyən fəsadların yaranmasından sonra gəlir. 5-10 ilin xəstəsi gəlir. Belə xəstələr iki il müddətində, hər 3 aydan bir müalicə olunmalıdır. Müalicədə birinci şərt xəstənin istəkli, arzulu olmağıdır”.
 
Narkomaniya gəncləşib
 
Müalicə üçün o qədər də yüksək məbləğin tələb olunmadığını deyən həkimin sözlərinə görə, əvvəllər müalicə üçün 25-35 yaş arası insanlar gəlirdilərsə, hazırda 20 yaş və 20-dən də aşağı, 17-18 yaşından gələnlər var: "Son vaxtlar 30 yaşdan böyük insanların müraciət etməyi nadir hallarda olur. İnsan narkotiki 25 yaşda qəbul etməyə başlayırsa, xəstəlik 3-5 ilə, 18 yaşında başlayırsa, cəmi bir ilə və ya 6 aya ildırım sürətilə formalaşır. 15 yaşında başlayıbsa, 18 yaşına qədər hər şeyi etmiş olur ki, onların müalicəsi xeyli çətin olur”.
 
Narkomanlığın zərərləri necə təbliğ olunur?
 
Qeyd edək ki, Azərbaycan Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamdan sonra dövlət qurumları narkomanlığın qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçiriblər.
Onu da qeyd edək ki, Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulub. 1996-cı il avqustun 26-da Prezident Heydər Əliyev tərəfindən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərman imzalanıb.
 
Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar üzrə sektorunun müdiri Nərmin Aslanbəyova açıqlamasında bildirdi ki, Azərbaycanda qeydiyyatda olan təqribi 31500 narkotik maddə istifadəçilərinin 6100 nəfərinə yaxınını 29 yaşa qədər olan gənclər təşkil edir: "Bu da qeydiyyatda olan narkotik maddə istifadəçilərinin təxminən 20 faizini təşkil edir. Təbii ki, ürəkaçan vəziyyət deyil. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması istiqamətində iş aparmaq Gənclər və İdman Nazirliyinin daim diqqət mərkəzindədir.
Bu istiqamətdə həm nazirlik, həm də onun yerli rayon (şəhər) gənclər və idman idarələri tərəfindən kifayət qədər işlər görülüb.
Nazirlik olaraq bu sahədə maarifləndirmə işini yeni üsullarla aparırıq, cəmiyyətimizin nüfuzlu, tanınmış şəxslərini bu işə cəlb edirik. Hesab edirik ki, maarifləndirmə işini bu qaydada aparmaq daha effektli olur və gənclər tərəfindən də maraqla qarşılanır.
Misal olaraq, sağlam həyat tərzinin gənclər arasında təbliğini yeni və daha təsirli metodlar vasitəsilə həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış "Həyatla oyun” adlı maarifləndirici tamaşa rayon və şəhərlərdə, ali təhsil müəssisələrində nümayiş etdirilib. Narkomanlığa qarşı mübarizə mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi, "Gənclərin sağlamlıq festivalları”, ”Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici kampaniyalar, konfranslar, sərgilər, telemarafonlar və s. keçirilib”.
 
Gəncləri bu yola ən çox hansı səbəblər itələyir?
 
Nazirliyin əməkdaşının sözlərinə görə,  aparılan araşdırmalar onu göstərir ki, narkomaniyanın gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında məlumatsızlıqdır: "Gənclərin zərərli vərdişlərə qurşanması çox vaxt ətraf mühitin təsirindən olur. Narkomaniya barədə heç bir məlumatı olmayan gənclər bu bəlanın təsiri altına düşür, bu bəla ilə tanışlıq sonra aludəçilik səviyyəsində alışqanlığa gətirib çıxarır. Belə nəticəyə gəlmək olar ki, ətraf mühitin təsiri və bu sahədə məlumatın azlığı gəncləri bu yola daha çox çəkir. Eyni zamanda burada asudə vaxt, məşğulluq, valideyn nəzarətinin zəif olması da öz təsiri göstərir”.
N.Aslanbəyova deyir ki, bu mövzuda əlaqədar dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən çoxlu sayda tədbirlər həyata keçirilir: "Yalnız bu mövzuda bütün yük dövlət qurumlarına düşməməli, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri, valideynlər, müəllimlər əməkdaşlıq etməlidir. Bütün cəmiyyət bu işdə birgə olmalı, uşaqlara, yeniyetmə və gənclərə özünə inam və ləyaqət hissini aşılamalıdır”.
 
"Polisə dəstək” İctimai  Birliyinin sədri Şəmsəddin Əliyev Lent.az-a bildirdi ki, narkomanlıqla yalnız Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə Baş İdarəsi deyil, Nazirlər Kabinetinin tərkibinə daxil olan bütün dövlət qurumları mübarizə aparmalı,  vətəndaşlar da məsələyə həssas yanaşmalıdırlar: "Narkomaniya sosial bəladır. Məncə, narkomaniya bəlasına tutulan şəxsin təkcə cinayət məsuliyyətinə cəlb olunması düzgün deyil. Yəni hüquqi dövlət kimi Azərbaycan vətəndaşının müalicəsinə çalışmaq lazımdır, onun cəmiyyətdən təcrid olunmasına yox. Belə xəstələrin yaxınları ətrafdan onları gizlədirlər, hər hansı bir orqana məlumat verməkdən çəkinirlər. Qeyri-leqal yolla həkimi evə dəvət edir və müalicə aparırlar. Amma Cinayət Məcəlləsindən vətəndaşın məsuliyyətə cəlb olunması ilə bağlı maddəni kənarlaşdırsaq, bizdə narkomanların sayı hazırda açıqlanandan iki dəfə artmış olacaq. Təbii ki, satışıyla məşğul olan, narkotik vasitələri qanunsuz əldə edən, onu öz şəxsi maraqları üçün istifadə edənlər məsuliyyətə cəlb olunmalıdır”.
 
Ş.Əliyev narkomanlığa qarşı mübarizədə KİV-in rolunu danılmaz hesab edir.
Onun fikrincə, bu problemlə bağlı nə qədər çox maarifləndirmə xarakterli məlumatlar yayılarsa, bu işə o qədər faydalı olar: "Biz, İctimai Birlik olaraq, universitetlərdə müxtəlif tədbirlər keçiririk. Narkomanlığın necə bir bəla olduğunu gənclərə çatdırırıq. İnsanın iradəsi nə qədər möhkəm olarsa, o narkomanlığa o qədər az meyl edər. Bu işin hamının görə bilmədiyi pərdəarxası çox məqamları var. Yeniyetmə, gənc 4-5 nəfər qrupun təsirinə düşür. Narkotik xarakterli siqareti qəbul edir və ikinci dəfə artıq vərdiş edir. Onda asılılıq yaranır. Bəla gənci cənginə alır və çıxa bilmir. Biz də çalışırıq ki, bütün bu problemləri auditoriyada gənclərə çatdıraq.  Narkomaniyanı müalicə etmək mümkündür. Müalicədən sonra asılılığa məruz qalanlar iradələrini cilovlayıb ikinci dəfə getmirlərsə, sağalmış hesab olunur. Amma təəssüf ki, bəzən bu cür insanlara siqaretin iyi dəyən kimi yenidən yolunu azmış olur. Təəssüf ki, DİN-in Baş  Narkotiklərlə Mübarizə İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rüb ərzində aşkar etdiyi cinayətlərin sayı artmaqda davam edir. Dünyada narkomaniyadan əldə edilən gəlir kifayət qədər çoxdur. Narkobaronlar, faydalanan qurumlar var. Bəzi dövlətlərdə siyasi hakimiyyətlərdə bunları idarə edən qruplar var. Bu bəlaya qarşı mübarizə aparmaq asan deyil. Bir-iki ayın işi deyil. Rəqəmlər açıqlayanda ancaq qeydiyyata düşən narkomanlardan danışırıq. Unutmaq olmaz ki, qeydiyyata düşməyən kontingent də var”.
 
İnternetdə narkotiklərin zərərli təsirləri ilə bağlı məlumatlar niyə azdır?
 
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az-a bildirdi ki, Google axtarış sistemi açıq bir şəbəkədir və onun qaydalarına görə yalnız spesifik məqamlar var ki, onları məhdudlaşdırır. Yaxud da müraciətlər əsasında nələrisə oradan çıxarır: "Google açıq bir axtarış, məlumat sistemidir. Hansısa bir məhdudlaşdırıcı addımlar atmaqdan ehtiyat edirlər. Bəzən beynəlxalq aləmdə google müəyyən müqavimətlə üzləşir ki, məhdudiyyətlər qoyur, informasiya əlçatımlığına mane olur və s. Kimin üçünsə zərərli ola bilən məqamlar başqa biri üçün bir təhqiqat obyektidir. Bu baxımdan, hər zaman google-de nələrə məhdudiyyət qoyulub-qoyulmaması ilə bağlı müzakirələr olur. Yəni bu bir müzakirə predmetidir. Təkcə google yox, bütün qlobal şirkətlər məhdudiyyətlərə son anda meyl edirlər. Yəni ki, hansısa reaksiyalar, beynəlxalq sanksiyalar olanda ona meyl edirlər. Qalan hallarda həm kommersiya, həm də araşdırmaçıların tənqidlərindən yaxa qurtarmaq üçün elə də meylli olmurlar”.
 
O.Gündüz deyir ki, daha çox uşaqları zərərli informasiyalardan qorumalıyıq: "Məktəblərdə filtrasiya (halal internet) olduğuna görə, bu cür problemlərin qarşısı qismən alınır. Ona görə da ailələrdə internet klublarda uşaqları bu problemlərdən qorumaq üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Bunu yalnız hökumətin, ya da kiminsə üzərinə atmaq da doğru deyil. Cəmiyyətin problemidir. Düşünürəm ki, provayderlər, hökumət, təhsil qurumları, vətəndaş cəmiyyəti, media birlikdə bu istiqamətdə kompleks işlər aparmalıdır.
 
"Telekommunikasiya haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunların gələn il yanvarın 1-dən qüvvəyə minəcək müddəaları var ki, onlardan biri də valideynə hüquq verəcək ki, provayderdən halal internet istəsin. Bu halda provayder interneti süzgəcdən keçirib verməli olacaq. Yanvarın 1-nə kimi yəqin ki, bu istiqamətdə hazırlıqlar görüləcək”.
 
Bəs qlobal şəbəkədə narkotiklərin "faydasını” təbliğ edənlər kimlərdir?
 
O.Gündüz narkotik vasitələrlə bağlı zərərli məlumatları yaymaqda maraqlı olan biznes qrupların olduğunu istisna etmir: "Qeyd etdiyiniz tipli məlumatların yayılması onların maraqlarına uyğundur. Ona görə də bu, ciddi məsələdir. Hüquq-mühafizə orqanları  bununla bağlı monitorinq aparmalıdır. Bu işlə məşğul olan aidiyyatı orqanlar robot proqramlar qurmalıdırlar və robotlar həmin məlumatlar üzə çıxan kimi məlumat verməlidirlər.
 
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna 2017-ci ildə dəyişiklik oldu. Nəqliyyat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə səlahiyyət verilib ki, ölkə ərazisində bu cür saytları bloklasın. Bu məsələ nazirliyin də problemidir. Hüquq mühafizə orqanları ilə birlikdə monitorinq aparmalıdır və pornoqrafiya, narkotik və s. qanunla qadağan olan sahələrdə problemlər varsa, tədbir görməlidir”.
 
Sonda qeyd edək ki, mövzu ilə bağlı Nəqliyyat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aprelin 9-da sorğu göndərmişik. Lakin yazı hazırlandıqdan sonra günlərlə gözləsək də, nazirlikdən cavab almaq mümkün olmadı...

OXŞAR XƏBƏRLƏR