8 rayonda koronavirus xəstələri küçəyə çıxıb - Saxlanıldılar

8 rayonda koronavirus xəstələri küçəyə çıxıb - Saxlanıldılar
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVİD-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və və dərhal yaşadığı ünvana geri qaytarılıb.

N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Qubada da yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayon sakini Mübariz Şirinov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq Mübariz Şirinov qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə M.Şirinov yaşadığı ünvana geri qaytarılıb.

Oxşar faktlar Siyəzən, Xaçmaz və Xızı rayonlarında da qeydə alınıb.

Belə ki, Siyəzən Rayon sakini Yusif Vəliyevə, Xaçmaz rayon sakini Sərdar Sərdarova və Xızı rayon sakini Səfaqət Abasovaya COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxslər təyin edilən qaydalara baxmayaraq, yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər üç şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslərlə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbələrində araşdırmalar aparılır.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E.Vəlili, F.Bəşirov və F.Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə də koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu şəhər sakini Gülalı Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb.

G.Əliyev qaydaları pozmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində isə koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib.

Onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR