77 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluğa müraciət edildi

77 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluğa müraciət edildi

Avqustun 8-də "Zəngəzur" şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar aparılan laborator müayinələrin nəticələri məlum olub. 

Sfera.az xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, şadlıq evindən ümumi gigiyena vəziyyətini aydınlaşdırmaq üçün 22 yaxma nümunəsi götürülərək analiz olunub: "22 yaxma nümunəsindən 9-da bağırsaq çöpləri aşkar edilib. Çöplər boşqablarda, salat qablarında, xüsusilə də işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qab yuyanın əllərində (hansı ki onların əlləri tərtəmiz olmalıdır) mikrobioloji çirklənmələr müəyyən olunub. Eyni zamanda, müəssisədəki suyu da yoxlamışıq. Suda heç bir problem çıxmadı".

Xəstələrin mədə yuyuntusu və nəcis kütləsindən də nümunələrin götürüldüyünü xatırladan İ.Abdullayev deyib ki, təxminən 30 xəstədən 60 nümunə götürülüb: "Bütün nümunələrdə broteuz bakteriyaları aşkar olunub. Həmçinin, xəstələrin mədə yuyuntusu və nəcis nümunələrində müxtəlif növ bakteriyalara rast gəlinib".

Nazirlik rəsmisinin sözlərinə görə, nəticələr də təsdiqləyib ki, şadlıq evində təmiz qidanın yenidən çirkləndirilməsinə yol verilib: "Çirkləndirmə əsasən çiy və bişmiş qidaların bir-biri ilə təması zamanı baş verib. Misal olaraq, eyni bıçaqlardan, doğrama taxtalarından, qablardan istifadə olunub. Halbuki bunların heç birini yol vermək olmaz. Kütləvi zəhərlənmə hadisəsi də məhz bu səbəblərdən baş verib. Aşkar olunan mikroorqanizmalar onu sübut edir ki, burada məhsulun temperatur rejimi gözlənilməyib. Yəni, bu qədər mikroorqanizmanın birdən-birə inkişaf etməsi və çoxlu sayda insanın zəhərlənməsinə səbəb olması ona əsas verir ki, müəssisədəki qida qarışdırılmış vəziyyətdə yüksək temperaturda saxlanılıb. Halbuki həmin temperatur 6 dərəcədən aşağı olmalı idi. Lakin həmin qidalar qeyd olunan temperatur şəraitində saxlanılmayıb".

O, həmçinin qeyd edib ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qurumlarına təqdim edib: "Həmçinin, 80 nəfərədək insanın zəhərlənməsi səbəbi ilə rayon prokurorluğuna müraciət edilib. Sahibkar müəssisənin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa etmiş olsa, o zaman məsuliyyət daşımış olacaq. Bir məsələ də var ki, şadlıq evinin fəaliyyəti davamlı olaraq qadağan edilməyib. Sadəcə baş verən hadisəyə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Bunun üçün həmin müəssisəyə artıq gigiyenik tələblərin yerinə yetirilməsi barədə təkliflər verilib. Təkliflərin əsasını orada olan bütün avadanlıqlar və işçilərin əşyaları dizenfeksiya olunması təşkil edib. Orada lazımi təmizlik işləri aparılmalı və proses başa çatdıqdan sonra yenidən mərkəz tərəfindən müayinə həyata keçiriləcək. Nəticələrdə heç bir mənfi hal aşkar olunmasa, müəssisənin fəaliyyətinə icazə verilə bilər. Digər hallarda məsələ öz həllini tapa bilməz".

Xatırladaq ki, zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət etmişdi. Müraciət edənlər əsasən 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report"a açıqlmasında bildirib ki, hazırda 25 nəfərin müalicəsi davam edir: "Onlardan 21-i 1 saylı Tibbi Mərkəzdədir. Hazırda xəstəxana şəraitində müalicə alanlardan 4-ü uşaqdır. Azyaşlıların müalicəsi həm 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında, həm də Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında davam edir. Bütün xəstələrin vəziyyəti stabildir".


OXŞAR XƏBƏRLƏR