4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı - FOTOLAR/VİDEO

4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı - FOTOLAR/VİDEO

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti dörd aydır ki, erməni snayperin onu alnından vurduğu gülləni öz başında gəzdirir. Baş leytenant Zaur Muradov Vətən müharibəsində Murovdağ, Füzuli, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Möcüzə sayəsində sağ qalıb və bu gün başının içində 7.62 millimetrlik güllə ilə gündəlik həyatına davam edir.

Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əməkdaşları Z. Muradovu yaşadığı Hacıqabul rayonunda ziyarət edib.

Onu tanımağımıza səbəb olan həkimi Elşad Əliyev də bizimlə birgə Zaurgilə yollanıb. Həkimin müharibə xatirəsini sosial şəbəkədə paylaşmasından sonra bu mövzuda ondan geniş məlumat istədik. Elşad həkim isə həmin döyüşçü haqda heç bir məlumatı olmadığını və elə özü də onu axtardığını bildirdi. Daha sonra qəhrəmanımızın dostu onları əlaqələndirdi və bu müsahibə baş tutdu.

 

Elşad Əliyev XTQ zabiti Zaur Muradovla ilk tanışlığını belə xatırlayır: "Füzulidə gündəlik qaydada işlədiyimiz bir zamanda bir neçə yaralı gətirdilər. Bir prinsipimiz var idi: bütün yaralılar alt paltarına kimi soyundurulur ki, birdən gizlin xəsarət olar görmərik, sonra isə təzə paltar geyindirilir. Zauru gətirdilər, baxdıq, heç bir ciddi xəsarəti yox idi. Alnının bir hissəsində sanki arı sancıbmış kimi şiş var idi. Bir də əlində, ayağında xırda sıyrıqlar, başqa heç bir xəsarəti yox idi.

Zaura sual verirdik, gözünü açıb cavab verirdi. Danışdırmayanda 2 saniyə sonra yatırdı, huşsuz vəziyyətə keçirdi. Zauru intensiv terapiyaya yerləşdirdik. Səhəri gün tibb bacısı dedi ki, Zaur bütün gecəni yatıb. Onu ayıldıb yemək verilməsini tapşırdım.

 Növbəti gün hələ də Zaur ayılmamışdı. Bakıdan da həkim gəldi, yoxladı və belə qənaətə gəldik ki, uzun müddət döyüşdə olduğu üçün tükənmə simptomudur. Qərar verdik ki, Zaur rayon xəstəxanalarının birinə göndərilsin, bir neçə gün sonra da döyüşə qayıdar. Həmin gün isə yalnız otura bilən xəstələri təxliyyə etmək mümkün oldu, buna görə Zaur qaldı.

 


Çünki oturaq vəziyyətdə də bir neçə saniyə sonra yatırdı. Həmin gün axşam tibb bacısı dedi ki, Zaurun hərarəti yüksəlib. COVİD-19-a yoluxmasından şübhələnib tapşırıq verdim ki, ağciyərini rentgen etsinlər. Bizim rentgen həkiminin də çox gözəl bir xasiyyəti var idi, göndərilən pasiyentin bütün bədənini aparatdan keçirirdi. Ona görə Zaurun başını da rentgen etmişdi.

On dəqiqə sonra tibb bacısı rəngi qaçmış şəkildə qaçaraq otağa gəlib dedi ki, Zaurun başında güllə var”.

E.Əliyev bildirir ki, əvvəlcə eşitdiyinə inanmayıb, Zaura qarşı xüsusi həssaslıqla yanaşmağa başlayıblar: "Zauru yataqdan tük götürürmüş kimi astaca götürüb yenidən rentgen etdim. Kəllə çanağında sınıq olmadığı üçün güllənin hardan girdiyini müəyyən edə bilmədik. Güllənin boşluqda olduğunu, ya da sümüyə girdiyini də dəqiqləşdirə bilmədik. Bu vaxt neçə gündür yatan Zaur qəfildən ayıldı. Başladı danışmağa ki, "həkim, niyə başıma yığışmısız, nə olub?” deyə suallar verdi. Mən dərhal baş həkimə məlumat verdim və onu Ağcabədi xəstəxanasına köçürtdük”.

Başından yaralandıqdan sonrakı bir neçə günü xatırlamayan baş leytenant Zaur Muradov da həmin vaxtdan yadında qalanları bizimlə bölüşüb.

Müsahibimiz Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib və Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Buradan isə seçim əsasında Rusiyada artilleriya akademiyasında hərbi təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq hərbi xidmətə başlayıb və bir qədər sonra Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirərək imtahandan uğurla keçib. XTQ mənsubu kimi xidmətini davam etdirib və sentyabrın 27-dən Vətən Müharibəsində iştirak edib:

"Kəlbəcər istiqamətində döyüşdük, Murovdağı azad etdikdən sonra Cəbrayıla getməyimiz barədə əmr verildi. Cəbrayılın bütün kəndlərinin alınmasında ön xəttə xüsusi təyinatlı qüvvələrlə birgə döyüşdük. Hadrut qəsəbəsi alınandan sonra da əks-hücum əməliyyatlarına layiqli cavab verdik”.
 
Z.Muradov snayperin onu vurduğunu hadisədən iki həftə sonra öyrənsə də, həmin günü belə xatırlayır: "Füzuli şəhərinin azad edilməsi istiqamətində döyüşlər zamanı ermənilərin bir tankını vurmaq əmr edildi. Tank səngərin yanında idi, ermənilər də səngərdəydi. Mən qrupumla birgə hücuma başladıq, onlar qorxuya düşdülər, biz zəncir şəklində irəliləyirdik. Mən vurulan vaxt eyni saniyədə 3 proses oldu. Mənim qrupum SVD-9 silahıyla erməni tankını vurdu, tankdan da bizə atəş açdılar və mən snayperlə vuruldum. Bunlar üçü də eyni anda baş verdi.

Mən vurulduğumu bilmədim, elə bildim ki, tankın atəşindən dalğaya düşmüşəm. Döyüş davam edirdi, mən də səngərdən qalxıb ermənilərə atəş açmağa başladım. Güllə qurtardı, doldurmaq üçün səngərə düşdüm, gördüm sol qulağım cingildəyir, başım fırlandı, ağrılar başladı.

Həmin vaxt səngərə yıxıldım, yağış yağmışdı, torpaq da yaş idi. Qan üzümü yuyanda ayıldım, başımı torpağa qoyub yerə baxırdım. Fikirləşirdim ki, artıq bu qədər imiş, mən də şəhid oluram. Sonra uşaqlar məni səngərdən çıxartdı, qrup həkimimiz gəlib sarğı qoydu. Ondan sonra yenə qalxıb avtomatla atəş açdım, bir qədər döyüşdüm. Həmin tapşırığı tam yerinə yetirdik, qrupumuz tankı vurub məhv etdi”.

Z.Muradov onun başında güllə olduğunu tapan həkim Elşad Əliyevi, ümumiyyətlə, xatırlamadığını deyir: "Başımdan snayperlə vurulandan sonra 3 gün döyüş bölgəsində qaldım, çıxara bilmirdilər. Həmin yeri top mərmisi ilə vurmuşdular, ona görə elə bildilər ki, qəlpə alnımı sıyırıb.

Ondan sonra məni Füzuliyə, ordan da Ağcabədiyə aparıblar. Amma heç birini xatırlamıram. Bircə Ağcabədidən Bakıya aparılmağımı və tibb bacısının bütün yol boyu məni yatmağa qoymamasını xatırlayıram. Daha sonra Bakıda hospitalda müayinədən keçdim və 9 saat əməliyyat olundum. Güllənin sındırdığı hissədə sümük kəsilib götürüldü, bir də beyində müəyyən işlər aparıldı. Həkim sonra dedi ki, o işlər görülməsəydi, əllərim işləməyəcəkdi. Sonra 7 saat komada qaldım, ayılan kimi ilk olaraq şəhid olan əsgərlərim Sadıqlı İbrahim və Cavadlı Nemət yadıma düşdü, hər ikisi yanımda şəhid olmuşdu.

Əməliyyatdan 10 gün sonra mənə dedilər ki, sənin başında güllə var. Həkim ölçdü, dedi snayper gülləsidir. Güllə alnımın sol nahiyəsindən girib, beynin üstü və kəllə sümüyünün arası ilə hərəkət edib sağ gicgahımı sındırıb və geri qayıdıb sağ gözümün yanında boşluqda sümüyə girərək qalıb. Xoşbəxtlikdən beynimə xəsarət yetirməyib.

Mart ayında Novruz bayramından sonra əməliyyat olunacağam, onda güllə çıxarılacaq. Sonra isə hazırda başımın sümük olmayan hissəsinə sümük, ya da sümüyü əvəz edən xüsusi material qoyulacaq”.

XTQ zabiti deyir ki, bəzi çətinliklər olsa da, güllə ona heç bir ciddi problem yaratmır və əməliyyatdan sonra yenidən xidmətə qayıtmaq istəyir: "Güllə çıxarılandan sonra onu müharibədən xatirə kimi boynumda gəzdirəcəyəm. Əslində doğum günüm mayın 5-də idi, amma indi dəyişib oktyabrın 15-də qeyd edəcəyəm. Çünki həmin gün mən yenidən dünyaya gəldim...”

Baş leytenant Zaur Muradov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
 


 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...