2025-ci ilə qədər 4 milyarda çatacaq - Qeyri-neft ixracı niyə 47 faiz artdı?

2025-ci ilə qədər 4 milyarda çatacaq - Qeyri-neft ixracı niyə 47 faiz artdı?
Bu il Azərbaycanın qeyri neft-qaz ixracında kəskin artım qeydə alındı. Artımın məbləği 870 milyon dollar olmaqla 2020-ci ildən 47,2 faiz çox oldu.  
 
Sfera.az xatırladır ki, Azərbaycan uzun müddət qeyri neft-qaz məhsullarının ixracını artıra bilmirdi. 2012-ci ildən 2020-ci ilin sonuna qədər ixracın dəyəri 1,1 milyard dollarla 1,95 milyard dollar arasında dəyişirdi, bütün cəhdlərə baxmayaraq ixracın həcmi 2 milyard dolları keçmirdi.

2019-ci ildə ixracın dəyəri 1,97 milyard dollara yüksəlsə də. 2020-ci ildə 1,83 milyard dollara qədər gerilədi. Amma ötən il kəskin dəyişiklik baş verdi və qeyri neft-qaz ixracının dəyəri birdən-birə 47 faiz artaraq 2,7 milyard dollara çatdı.

Bəs, nə baş verdi ki, bir ildə qeyri neft-qaz mallarının ixracının dəyəri bu qədər kəskin arta bildi?

İlin yekun məlumatları hələ açıqlanmasa da, 11 aylıq dövrün məlumatlarının təhlili göstərir ki, burada 2 faktor xüsusi rol oynadı.

Birinci əsas səbəb 2021-ci ildə qiymətlərin kəskin yüksəlməsi oldu. Qeyri neft-qaz mallarının ixracında böyük paya malik olan bəzi mal qruplarında inflyasiya 20, hətta 30 faizi keçib. O cümlədən azqiymətli metallarda, pambıqda, plastmaslar və onlardan hazırlanan məmulatlarda, qeyri-üzvi kimya sənayesi məhsullarında bahalaşma yüksək olub. Bahalaşmanın hesabına bu məhsulların ixracı 20-30 faiz artıb.

Artımdakı ikinci səbəb ixracın real həcminin böyüməsidir. Yəni, inflyasiya nəzərə alınmadıqda belə ixrac 30 faizdən çox artıb.

Məsələn, 2021-ci il ərzində meyvə-tərəvəz məhsullarının ixracının 630,4 milyon dollara, pambıq ipliyi ixracının 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracının 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracının 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracının 66,2%, pambıq lifi ixracının 58,3% artmasında ixracın real ifadədə də artmasının payı böyükdür.

Qeyri neft-qaz ixracında artım imkanları 2022-ci ildə də qalacaq. Bu il həm qiymətlərdə artımın davam etməsi, həm də ixracın real artım imkanlarının qalması gözlənilir. Sadalanan amillər hesabına qeyri neft-qaz mallarının ixracında yeni rekord qeydə alına bilər.

Proqnozlara görə əsas amillər nəzərə alındıqda Azərbaycanın qeyri neft-qaz mallarının ixracı 2025-ci ilə qədər davamlı artaraq 3,5-4 milyarda çatacaq.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR