Neft bazarında spekulyasiyalar artır - Qiymət 100 dollara çata bilərmi?

Neft bazarında spekulyasiyalar artır - Qiymət 100 dollara çata bilərmi?
Son 3-4 ayda beynəlxalq birjalarda neft qiymətlərinin davamlı yüksəlməsi nikbin proqnozların yaranmasına səbəb olub. Həm yerli, həm də xarici mütəxəssislər hesab edir ki, ortamüddətli dövrdə neftin bahalaşması davam edəcək və qiymətlər hətta 100 dollar səviyyəsinə çatacaq. 

Sfera.az xatırladır ki, neft qiymətlərinin 2014-cü ilin ikinci yarısında kəskin enməsindən sonra 100 dollar səviyyəsinə yüksəlməsi müşahidə edilməyib. Həmin dövrdən sonra neft ən baha 82-83 dollara satılıb. Bu qiymət səviyyəsi 2018-ci ilin avqust-sentyabr dövründə qeydə alınıb. Daha sonra neftin qiyməti əsasən enmə dövrünü yaşayıb və 2020-ci ildə pandemiya ilə əlaqədar 18-20 dollar həddinə qədər düşüb. Neft ixrac edən əsas ölkələrin razılaşmasından sonra isə qiymətlər tədricən yüksəlir. 

Hazırda "Brent” markalı neftin dəyəri 66-67 dollar təşkil edir. 

Neftin bahalaşmasına münasibət bildirən "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə "Financial Post"a açıqlamasında qeyd edib ki, istehsalçılar dərhal artan tələbi təmin edə bilməyəcəyindən 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata bilər. O, yaz aylarında və ya cari ilin sonunadək neftin bir barelinin qiymətinin 80 dollar, yaxın 18-24 ayda isə 100 dollardan çox olacağı təqdirdə təəccüblənməyəcəyini söyləyib.

"Brent" markalı neftin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək arta biləcəyini "Bank of America" Bankı da proqnozlaşdırır. "Bloomberg" xəbər verir ki, bank mütəxəsisləri "Brent" neftinin qiymətinin ilkin olaraq 70 dollaradək artacağını gözləyir. "Bank of America" bankında nikbinliyi yaradan əsas səbəb qlobal iqtisadiyyatda fundamental göstəricilərin yaxşılaşması və iqtisadiyyatın stimullaşdırılması üçün dünyanın bir sıra ölkəsində proqramların həyata keçirilməsidir.

Neft qiymətlərinin 100 dollar səviyyəsinə çatması ehtimalını iqtisadçı-ekspert Xalid Kərimli istisna etmir. Amma X.Kərimli bu qiymət səviyyəsinin dayanıqlı olmadığına əmindir. 

Sfera.az saytına danışan ekspert qeyd etdi ki, son günlər neftin qiymətinin yüksəlməsinin səbəbi COVID-19 virusuna qarşı vaksinasiya prosesinin sürətlənməsi və ABŞ şist neft istehsalçılarının hasilatı gözləniləndən zəif sürətlə bərpa etməsidir. 

"Gözlənilirdi ki, neft bahalaşdıqca ABŞ-da şist neft istehsalçıları neft hasilatını həcmini sürətlə artıracaq. Amma hasilatın artırılması gözlənilən kimi olmadı”, - deyən X.Kərimli vəziyyətə uyğun olaraq neft qiymətləri ilə bağlı proqnozların daim dəyişdiyini söylədi: 

""Goldman Sachs”, "Morgan Stanley” 2021-ci ilin ikinci və üçüncü rübündə neft qiymətlərinin 60-65 dollar olacağını proqnozlaşdırırdı. Hər iki təşkilat öz proqnozlarında qiymət gözləntisini 10 dollar yüksəldib. Onlar ikinci və üçüncü rübdə neft qiymətlərinin orta hesabla 70-75 dollar olacağını təxmin edir. 
Amma unutmayaq ki, neft qiymətləri maliyyə bazarlarında müəyyənləşir. Bu bazar spekulyasiyaya açıq bazardır. Burada yalnız iqtisadi və tələb amilləri yox, həm də hərbi-siyasi amillər ciddi rol oynayır”. 

Ekspert düşünür ki, neftin qiymətinin 100 dollara çatacağına dair ehtimalların reallaşma imkanı çətindir və hətta qiymətlər bu səviyyə qalxsa da, qısa müddətdən sonra düşəcək. Onun fikrincə, istehsalçılar üçün 60-80 dollar qiymət intervalı kifayət edir: 

"Neft qiymətləri OPEC+ tənzimlənməsindən sonra bu həddə çatıb. Hazırda bəzi ölkələr, xüsusən də Səudiyyə Ərəbistanı bazardan əlavə neft həcmlərini yığışdırıblar. Neft qiymətləri 70 dolları keçərsə, əminəm ki, OPEC-in növbəti iclasında hasilatın məhdudlaşdırılması ilə bağlı kvotalar əhəmiyyətli dərəcədə yumşaldılacaq. Qiymətlər bu səviyyədə qalarsa, əsas istehsalçılar hasilatı artıracaq. Buna görə də əgər neft qiymətlərində 100 dollar qeydə alınsa, bu, uzun müddət qalmayacaq. Çünki OPEC+ ölkələri hasilatın azaldılması razılaşmasından çıxaraq bazardakı vəziyyəti stabilləşdirəcəklər. Bütün ölkələrə neft qiymətlərinin 60-80 dollar intervalında olması kifayət edir. Hasilatçılar da neft qiymətlərinin çox yüksək olmasında maraqlı deyillər”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...