2021-ci ildə vəziyyət dəyişəcək: Manatın məzənnəsi...
Sfera.az xatırladır ki, 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycanın ixracı 16,8 milyard dollar, turizm gəlirləri 777 milyon dollar (yanvar-iyunda), nəqliyyat xidmətindən gəlirlərimiz (527 milyon dollar) olduğu halda, 2020-ci ilin yanvar-oktyabr dövründə ixracımız 12,2 milyard dollara, turizm gəlirlərimiz 272 milyon dollara (yanvar-iyun) gerilədi, nəqliyyat xidətindən gəlirlərimiz 689 milyon dollara (yanvar-iyun) yüksəldi. Bu il cari əməliyyatlar zamanı xarici valyuta gəlirlərimiz bir neçə milyard dollar azalıb.
Bunun nəticəsində manatın ucuzlaşması riski ortaya çıxıb. Çünki xarici valyutada gəlirlərin azalması tədiyə balansında kəsir yaradıb. Normalda belə vəziyyətdə manat ucuzlaşmalı idi.
Amma Mərkəzi Bank buna imkan vermədi. Bunun başlıca səbəbi 2021-ci ildə vəziyyətin manatın xeyrinə dəyişməsi ilə bağlı ola bilər.
Proqnozlaşdırılır ki, 2021-ci ildən Covid-19-a qarşı peyvəndin tətbiqi, xarici səfərlərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması, qaz ixracımızın artması və neftin bahalaşma ehtimalı Azərbaycanın xarici valyutada gəlirlərini artıracaq.
İxracdakı artıma həm neft sektoru, həm də qeyri-neft sektoru töhfə verəcək. Neft sektoru üzrə artım ilk növbədə qaz ixracının artması hesabına təmin ediləcək. TANAP-ın ardınca TAP layihəsinin də işə düşməsi sayəsində qaz ixracı artacaq və bu məhsulun satışından əldə edilən gəlir xeyli yüksələcək. Bu il (yanvar-oktyabrda) qaz ixracından 2,044 milyard dollar gəlir əldə edilib. 2021-ci ildə qaz ixracından gəlirimiz bir qədər də artacaq. Hazırda 6 milyard kub metr olan qaz ixracı 2021-ci ildə 16 milyard kub metri ötəcək.
Dünya Bankının proqnozuna əsasən təbii qaz ixracının artması nəticəsində 2021-ci ildə iqtisadi artım orta hesabla 3,5-4% təşkil edəcək, Azərbaycandan kapital axını aşağı səviyyədə qalacaq.
Gələn il neft qiymətlərinin bir qədər yüksəlməsi də gözlənilir. Pandemiyanın təsirlərinin zəifləməsi iqtisadi fəallığı artıracağından neftə tələbin və bununla da qiymətlərin yüksələcəyi güman olunur. Bu vəziyyətdə neft satışından daha böyük valyutanın daxil olması realdır.
Neftin bahalaşması öz növbəsində qazın də dəyərinin artmasını şərtləndirəcək.
Qaz ixracının artması, həmçinin neft və qaz qiymətlərinin yüksəlməsi cari əməliyyatlar hesabının profisitini təmin edəcək. Bu vəziyyət ortamüddətli dövrdə pul-kredit siyasətinin bir qədər yumşalmasına gətirib çıxara bilər.
Qeyri-neft ixracından da daxil olan valyutanın artması müşahidə ediləcək. 2019-cu ilin 10 ayında qeyri-neft məhsullarının ixrac dəyəri 1,57 milyard dollar olduğu halda 2020-ci ilin eyni dövründə 1,44 milyard dollara qədər geriləyib. 2021-ci ildə iqtisadi fəallığın artması və əmtəə qiymətlərinin yüksəlməsi hesabına qeyri-neft mallarının satış dəyərinin artacağı güman edilir.
Turizm gəlirlərində də artım yəqindir. Sərhədlərin açılması, karantin rejiminin aradan qaldırılması xarici və daxili səfərlərin sayını artıracaq, bununla da turizm və onunla bağlı olan ictimai iaşə dövriyyəsinin artması müşahidə ediləcək.
2021-ci ildə dolların ucuzlaşmasına dair proqnozlar da güclənir. 2020-ci ilin sentyabr ayından dolların kursunun aşağıya doğru yönəlməsi görünür. Bu müddətdə dollar 5 faiz ucuzlaşıb. Xarici analitiklər bu dinamikanın 2021-ci ildə də davam edəcəyini və dolların 10 faiz ucuzlaşacağını təxmin edirlər. Əgər bu baş verərsə, neftin və dəyəri dollarla müəyyənləşən əməələrin bir qədər də bahalaşması ehtimalı olacaq.
Sadalanan proqnozların özünü doğrultma ehtimalı yüksəkdir. Proqnozlar reallığa çevrilərsə, yenidən devalvasiyanın olacağına dair gözləntilər aradan qalxacaq. Ölkəmizin valyuta gəlirlərinin artması və dolların ucuzlaşması qarşılığında manatın məzənnəsinin sabitliyinə inam artacaq. Bu halda ilk növbədə manatın dayanıqlığına şübhə olmayacaq, manat ən azından mövcud məzənnəsini qoruyacaq. İndiki vəziyyətdə də manatın dayanıqlığı müşahidə edilir. Ancaq qarşıdakı illərdə valyuta gəliri artarsa bu, manatın möhkəmlənməsi istiqamətində təzyiqi artıracaq. Ancaq proqnozlara görə, manatın məzənnəsi ən azından 2023-cü ilə qədər sabit qalacaq.
Vasif
Sfera.az