"2021-ci ildə bütün dünya Qarabağın dirçəlişinə şahid olacaq" – Hansı layihələr reallaşacaq?
44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra qarşıda böyük quruculuq işləri dayanır. Belə ki, Qarabağ və işğaldan azad olunan ətraf rayonlar ölkə üçün yeni perspektivlər qazandıracaq.
Sfera.az qarşıda duran işlər və imkanlar barədə yazını təqdim edir:
"Azad Qarabağın yol infrastrutkuru yenidən qurulur"
Cari il ərzində əsas diqqət azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşasına başlanılıb və iş nəzərdə tutulmuş qrafikdən daha tez yekunlaşacaq. Toğanalı-Kəlbəcər yolunun tikintisinə də start verilib. Yaxın zaman ərazində tunellərin tikintisi nəzərdə tutulur. Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yol çəkilişi ilə bağlı hazırlıq işləri gedir. Həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az bir zaman qalıb. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək.
"Dəmiryolu nəqliyyatının yaradacağı perspektiv, Naxçıvan dəhlizinin açılması..."
Yaxın gələcəkdə Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Horadiz-Ağbənd dəmir yolunun da yenidən tikilməsi plana daxildir. Xüsusilə bildirmək lazımdır ki, Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusilə əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Bu dəhliz mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranın istifadə etməsi mümkündür. Ümumilikdə sərhədlərin qurulması istiqamətində də təxirəsalınmaz işlər aparılmalıdır. Bütün sərhəd infrastrukturu yenidən təşkil edilməlidir. Azərbaycan Respublikası İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa edib. Artıq 132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb.
"Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatı ilə turizmin inkişafı..."
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. İşğaldan azad bölgələrdə məhsuldarlığın artırılması iqtisadiyyata müsbət mənada təsir göstərəcək.
Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. İndidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.
Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb, ancaq çox böyük işlər görülüb. Bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz real əksini tapır, planlarımız gerçəkləşir.
Sfera.az
Əzizə Zeynal