İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az sərəncamın mətnini təqdim edir:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

Dövlət Komissiyasının sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının sədr müavini

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Dövlət Komissiyasının üzvləri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru.

2. Dövlət Komissiyası:

2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;

2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam mimzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda göstərilən aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin:

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

1.2. "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti;

1.3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti;

1.4. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

OXŞAR XƏBƏRLƏR