Mikroskopik virus iri iş yerlərini necə \"yedi\"? - Gizli işsizlik boy göstərəcək

Mikroskopik virus iri iş yerlərini necə \

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi xidmət sahələrinin fəaliyyətinə tətbiq edilən qadağalar ölkəmizdə gizli işsizliyin səviyyəsinin artmasına səbəb olacaq.

 

Məhdudlaşdırıcı tədbirlərlə əlaqədar təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılıb, ictimai iaşə müəssisələrində (şadlıq sarayları, mərasim evləri, restoran, kafe, bar, yeməkxana və s.) isə əmək fəaliyyətinə qismən icazə verilir. İctimai iaşə müəssisələrindən şadlıq saraylarının və mərasim evlərinin, o cümlədən yas çadırlarının icarəyə verilməsi xidmətləri tam qadağan edilib.

 

Bu qadağalarla əlaqədar təhsil sahəsində, ictimai iaşə sahələrində çoxlu sayda insanın əmək fəaliyyətinə müvəqqəti qadağa gətirilib. Rəsmi əmək fəaliyyəti ilə məşğul olanlara bu dövrdə çətinlik olmayacaq. Çünki onlar aldıqları rəsmi əmək haqqını bu dövrdə də alacaqlar. Lakin bir çox insan var ki, onlar ya əmək haqlarının bir hissəsini kartla alır, ya da ümumiyyətlə qeyri-rəsmi fəaliyyət göstərir. Məhz qeyri-rəsmi fəaliyyət göstərən şəxslər qadağalarla əlaqədar olaraq gizli işsizliyi artıracaq.

 

Sfera.az xatırladır ki, bu baxımdan ən acınacaqlı vəziyyət iaşə xidmətləri sahəsindədir. İqtisadiyyatın ictimai iaşə sektorunda işçilərin dəqiq uçotunun aparılmaması, əmək haqqının tam göstərilməməsi və ya ümumiyyətlə qeyri-rəsmi əmək haqqının olması gizli iş fəaliyyətinin bir təzahaürüdür.

 

Şadlıq sarayları, mərasim evləri, yas çadırı xidməti göstərənlər fəaliyyətini tamamilə dayandırıbsa, deməli orada çalışan işçilər müvəqqəti işləmirlər. Burada əmək müqaviləsi olan, hər ay rəsmi qaydada maaş alan işçilər üçün problem yoxdur. Onlar əmək haqlarını alacaqlar. Amma onların da içində əmək haqqını tam şəkildə kartla almayanlar var. Bu vəziyyətdə onlara yəqin ki, kartdan kənar ödəniş olmayacaq.

 

Digər qrup işçilər isə ümumiyyətlə rəsmi qaytdada maaş almırlar. Şadlıq saraylarında və mərasim xidmətləri göstərilən yerlərdə ödənişlər günəmuzd qaydasında həyata keçirilir. Bakıda bu cür fəaliyyət sahələrində çalışanlar işə çıxdıqları hər günə görə 20-40 manat arası pul alır. Həmin sahələrdə fəaliyyətə icazə olmadığından onlar gündəlik qazanclarından məhrum olacaqlar və gizli işsizə çevriləcək.

 

Yalnız Bakıda 570 şadlıq sarayının olduğu məlumdur. Hər şadlıq sarayında minimum 30 işçinin çalışdığı nəzərə alınarsa, qadağa səbəbindən 11 mindən artıq insan işsiz qalacaq. Onların böyük əksəriyyəti günəmuzd və qeyri-rəsmi ödəniş alanlardır.

 

Digər iaşə müəssisələri olan restoran, kafe, yeməkxanalarda fəaliyyətə qismən icazə verilir. Buna görə də həmin yerlərdə əvvəlki sayda işçiyə ehtiyacı qalmır. Belə vəziyyətdə çoxlu sayda işçi ya öz hesabına məzuniyyətə göndərilir, ya da əmək haqqının rəsmi olmayan hissəsi ödənilmir.

 

2019-cu ilə olan məlumata əsasən ölkəmizdə 20 min ictimai iaşə (şadlıq sarayı, restoran, kafe, yeməkxana və s.) müəssisəsi var. İctimai iaşə müəssisələrinin 8 mindən çoxu Bakı şəhərindədir. Ölkə üzrə bu cür müəssisələrin 800-dən çoxu şadlıq sarayıdır. Şadlıq saraylarında çalışanların minimum sayı 30 nəfər olarsa, yalnız şadlıq saraylarında 20 mindən artıq insan çalışır. Digər iaşə müssisəslərində çalışanların sayını minimum 3 nəfərdən hesablandıqda daha 60-70 min işləyənin olduğu müəyyənləşir. Ümumilikdə, ictimai iaşə müəssisələrində 80-100 min insanın çalışdığını deyə bilərik.

 

İaşə sektorunda gizli əmək fəaliyyətinin böyüklüyünü rəsmi statistika da dolayısı ilə təsdiqləyir. Rəsmi məlumatlara görə turizm və iaşə sektorunda 27 min muzdlu işçi çalışır. Bunun yarısının iaşə sektoruna çalışdığını təxmin etsək, buradan aydın olur ki, iaşə sektorunda çalışanların böyük əksəriyyəti gizli əmək fəaliyyəti ilə məşğul olanlardır. Qadağaların tətbiq edildiyi indiki dövrdə onların hesabına ölkəmizdə müvəqqəti gizli işsizlərin sayı xeyli artıb.

 

İaşə müəssisələrinin fəaliyyətinin dayandırılması orada birbaşa çalışanlarla bərabər əlaqəli sahələrdə çalışanlarda da gizli işsizlər arta bilər. O cümlədən gözəllik salonları, taksi xidməti göstərənlər, müsiqiçilər, geyim icarəyə verən mağazalar və digərlərinin gəlirlərində ciddi azalma baş verəcək.

 

Ölkəmizdə gizli işsizliyi artıran digər sahə məktəb və bağçaların fəaliyyətinin dayandırılmasıdır. Təhsil müəssisələrinin bağlanması tələbi yalnız dövlət təhsil müsəssisələrinə şamil edilməyib. Bu qadağa həm də hazırlıq kurslarının işini dayandırıb. Bu cür kurslarda çoxlu sayda müəllim və texniki işçi çalışır. Onların da bir çoxu gizli iqtisadiyyatın tərkib hissəsi olub. İndi bu sahədə çalışanların böyük hissəsi gizli işsizə çevrilib.

 

Təhsil müəssisələrinin və ictimai iaşə xidməti göstərən müəssisələrin fəaliyyətini dayandırması taksi xidmətinə də ciddi zərbə oldu. Yalnız Bakıda 30 mindən artıq şəxs taksi fəaliyyəti ilə məşğuldur. Çoxlu sayda taksi xidməti göstərən şəxslərin bəziləri yalnız uşaqların tədris müəssisəsinə aparıb-gətirilməsi xidmətini göstərirdi. Onlar indi işsizdir və gizli işsizlər ordusunu təşkil edir.

 

Onu da unutmayaq ki, gizli işsizlik ölkədə ümumən işsizliyi də artırır. Qlobal standartlara əsasən, ölkədə işsizlik 1 faizdən 3 faizə qədər olduqda, bu, yolverilən hədd sayılır, 4-5 faiz olduqda optimal səviyyəli hədd, 7 faizdən çox olduqda sosial cəhətdən təhlükəli hədd sayılır. Azərbaycanda ilin əvvəlində 255 min işsizin olduğu bildirilirdi. İqtisadi fəal əhalinin sayının 5,2 milyon olduğu nəzərə alınarsa işsizlik səviyyəsi 5 faiz təşkil edir. Gizli işsizlik hesabına 7 faizə qədər yüksələcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR