190 manat vətəndaşın minimum ehtiyaclarını ödəyirmi? - ARAŞDIRMA

190 manat vətəndaşın minimum ehtiyaclarını ödəyirmi? - ARAŞDIRMA

Azərbaycan Prezidentinin göstərişinə əsasən, karantinlə əlaqədar işsiz olan insanlara verilən 190 manatlıq birdəfəlik ödəməni daha çox insan alacaq. Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planında 200 min insana birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulurdusa, yeni qərarda yardım alacaq şəxslərin sayı 600 minə çatdırılacaq. Artıq 250 min insan bu yardımı alıb.


İlk qərarda 200 min insanın müəyyənləşdirilməsinə səbəb karantinə qədər ölkəmizdə 250 min işsizin olması idi. Nazirlər Kabinetinin tədbirlər planında qeyd edilirdi ki, 250 min işsizin 200 mini birdəfəlik müavinət alacaq, 50 min işsiz isə haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə müvəqqəti işlə təmin ediləcəkdi. Karantinlə əlaqədar işzislərin sayı artdığına görə əvvəlki işsizlərlə yanaşı yeni işsizlərə də müavinət verilməsi zərurəti yaranıb.

 

İlk qərarda 200 min insana iki ay ərzində birdəfəlik ödəmənin verilməsi üçün 70 milyon (hər aya 30 milyon) manat ayrılması nəzərdə tutulmuşdu. Yeni qərarla işsizlərə birdəfəlik ödəmənin verilməsindən ötrü 210 milyon manat lazım gələcək.

 

Birdəfəlik yardımın verilməsi zamanı 190 manatın müəyyənləşdirilməsinə səbəb isə "Yaşayış minimum haqqında” Qanunun tələbi ilə bağlıdır. Həmin Qanuna görə bir insanın ay ərzində minimum ehtiyaclarının ödənilməsi üçün 190 manat lazımdır. Yaşayış minimumu hər il müəyyən edilir və 2020-ci il üçün onun məbləği 190 manatdır.

 

Bəs, 190 manatla nə almaq olar?

Sfera.az xatırladır ki, yaşayış minimu minimum istehlak səbətinə daxil olan mal və xidmətlərin ümumi dəyərini ifadə edir. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərdən ibarətdir. Nazirlər Kabineti ara-sıra minimum istehlak səbətinin tərkibində olan maddələrin miqdarını dəyişdirir. Sonuncu dəfə 2018-ci ilin fevralında minimum istehlak səbətində dəyişiklik edilib. Hər il qiymətlərin dəyişməsinə uyğun olaraq minimum istehlak səbətinin dəyəri yenidən müəyyən olunur.

 

Minimum istehlak səbətində ərzaq məhsullarının payı daha çoxdur. Normativə görə bir əmək qabiliyyətli insan ay ərzində 18,63 kq süd və süd məhsulları, 11,4 kq çörək və çörək məhsulları, 8,1 kq tərəvəz və bostan məhsulları, 4,56 kq kartof, 3,16 kq meyvə və giləmeyvə, 2,75 kq ət və ət məhsulları, 1,4 kq şəkər və qənnadı məmulatları, 0,9 kq bitki yağı, marqarin və digər piylər, 0,64 kq balıq və balıq məhsulları, 0,58 kq kərə yağı, 0,39 kq digər məhsullar və 12,5 ədəd yumurta istehlak etməlidir. Bu qədər məhsulun dəyəri hər ilin əvvəlində proqnozlaşdırılan qiymət dəyişikliyinə uyğun olaraq hesablanır.

 

Minimum istehlak səbətində qeyri-ərzaq malları ilə təminat da nəzərə alınıb. Hesablamalara görə insanın qeyri-ərzaq malları arasında daha çox geyim əşyalarına ehtiyacı olur. Bundan başqa insanların məktəb-yazı ləvazimatları, yataq ləvazimatları, mədəni məişət və təsərrüfat malları, ilkin tələbat və sanitariya əşyaları, dərmanlara ehtiyacı var. Bu mallara olan ehtiyac mürəkkəb qiymətləndirmələrlə hesablanıb. Məsələn, normativə görə bir əmək qabiliyyətli insan ən azı 3,5 ildə 6 cüt ayaqqabı, 1,5 ildə 7 cüt corab, 2,5 ildə 9 ədəd alt geyimləri istifadə etməlidir.

 

Minimum istehlak səbətində pullu xidmətlərin norması da müəyyən edilib. Normativə əsasən bir adam ayda ən azı 5 kub metr isti və soyuq su təchizatından, 5 kub metr kanalizasiya xidmətindən, 21 kub metr qaz təchizatından, 50 kVt/saat elektrik enerjisindən istifadə edir. Bundan başqa əmək qabiliyyətli insan il ərzində 692 dəfə nəqliyyat xidmətindən yararlanır.

 

Nazirlər Kabinetinin hesablamalarına görə sadalanan və sadalanmayan mal və xidmətləri əldə etmək üçün bir adama ayda orta hesabla 190 manat kifayət edir. Bu vəsait yalnız bir insanın minimum ehtiyacının ödənilməsini nəzərdə tutur. Normativlər ayrılan vəsaitin bir insanın minimum təminatını nə dərəcədə ödədiyi ayrı bir mövzunun araşdırmasıdır.

 

Amma Nazirlər Kabinetinin tədbirlər planında bu vəsaitin bir nəfərə deyil, bir ailəyə verilməsi qərarı var idi və bu qərar insanlarda haqlı narazlıq yaratmışdı. Haqlı narazılıqlardan sonra hökumət ailədə olan əmək qabiliyyətli övladlardan birinin də bu qədər yardım ala biləcəyinə dair qərar verdi. Beləliklə, ailə üzvlərinin sayından asılı olmayaraq bir ailədə olan iki nəfər işsiz şəxs 190 manat almaq imkanına sahibdir.

 

Əslində, bu yanaşma da doğru deyil. İşsiz insanlara görə birdəfəlik yardım verilən zaman onun xərci ilə bərabər, onun öhdəsində olan şəxsin də minimum xərci nəzərə alınmalıdır. Yəni, bir ailədə 2 əmək qabiliyyətli, 2 uşaq varsa və əmək qabiliyyətli olan şəxslər işsizdirsə, 2 uşağa görə də yaşayış minimum səviyyəsində ödəniş edilməlidir. Çünki uşaqların da zəruri xərcləri var.

 

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...