Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan özü donor ölkədir. Biz, Suriya qaçqınları da daxil olmaqla,

 maliyyə yardımını təmin edirik" 

Londonda Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı 

ilə "Suriyaya və regiona dəstək" konfransının keçirilməsi mühüm hadisə oldu. Konfransda Suriyaya təcili

 və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, 

böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

 Krallığının baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin,

 Norveç Krallığının baş naziri Erna Solberqin və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın 

dəvəti ilə Londonda keçirilən konfransda iştirak edib.

Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verdiyi 

bir vaxtda London konfransının keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Qeyd edək ki, İraq və Suriya kimi

 dövlətlər İŞİD terrorçu qruplaşmasının zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha 

böyük fəlakətlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də problemlər yaradıb. Suriyada son 

vaxtlar İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb.

 Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti ilə üzləşib. Şimali Afrika və Yaxın və Orta Şərqdən 

qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutub. 

Avropada sığınacaq alan qaçqın və köçkünlər ağır sosial şəraitdə yaşamaq məcburiyyətində qalıblar. 

Dövlət başçısı konfrans çərçivəsində keçirilən "Təhsil" mövzusunda sessiyada bildirib: "Biz Suriya qaçqınlarının

 halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı

 təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz 

qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu, həqiqətən də humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına 

düşən qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq

 yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin 

məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq.

Bu gün Azərbaycan özü donor ölkədir. Biz, Suriya qaçqınları da daxil olmaqla, maliyyə yardımını təmin edirik.

 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən edilmişdir. Əfsuslar ki, o vaxtdan

 bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmamışdır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və

 qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, 

Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur".

Xatırladaq ki, Parisdə ötən il baş verən terror hadisəsindən dərhal sonra Avropa dövlətləri böyük əndişə 

içərisində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüblər. İngiltərə, Belçika, Almaniyada terrorçuluqda 

şübhəli bilinən xeyli sayda insan həbs edilib. Terror təhlükəsinə qarşı dünyanın supergüclərinin təlaşa 

düşməsi bir daha sübut edir ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət bu terrorizmin

 törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm dinc yanaşı yaşamağın başlıca

 təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. 

Təəssüflər olsun ki, Azərbaycan xalqı uzun zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın 

supergücləri terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addımlar atmayıblar. 

Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz yumublar. Bu gün baş verən hadisələr

 isə terroru hansı qruplaşmanın törətməsindən asılı olmayaraq bütövlükdə terrorizmin bəşəriyyət üçün

 bəlaya çevrildiyini bir daha sübuta yetirdi. 

Prezident İlham Əliyev ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun, hərtərəfli şəkildə çatdırılması istiqamətində ardıcıl iş aparır. BMT-nin qəbul etdiyi qətnamələrin icrasında "ikili standartlar"ın mövcudluğu 

təşkilata üzv dövlətlərin böyük əksəriyyətində, o cümlədən də Azərbaycanda haqlı narazılıq doğurur. 

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən davam etdirilən danışıqlar prosesi 

təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll 

etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan

 tərəfindən pozulur ki, bu da işğalçı dövlət kimi Ermənistanın qeyri-konstruktiv siyasətinə dəlalət edir 

və hələ də bu ölkə beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq belə siyasəti davam etdirir. 

Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə 

ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində

 beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi 

müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun 

qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. 

Təcavüzkarı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda

 vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana təsir göstərmək üçün zəruri təzyiq

 vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin

 həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da,

 nədənsə həmsədrlər uzun müddətdən bəridir ki, "Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi"

 kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə 

süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə

 yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə 

təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində

 hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər

 müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar 

sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Xarici dəstək hesabına dilənçi kökündə yaşayan 

Ermənistan tərəfi hələ ki, hakimiyyətin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür. 

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe 

nümayiş etdirir. Bu dəyişməz mövqeyi prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də

 ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə 

çatdırır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları,

 "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri 

əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına

 sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. 

Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal 

edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində 

ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində 

müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq 

lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi 

təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu

 baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi 

texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. 

Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, prezident İlham Əliyevin

 rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, 

torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir. 

Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq həyata keçirdiyi islahatlar 

nəinki daxili siyasətin, eyni zamanda paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə 

gətirib çıxarıb. Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni 

nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin

 son mərhələsini yaşamasını bir daha sübut edir.


OXŞAR XƏBƏRLƏR