11 manata gilas?

11 manata gilas?

"Qiymətlərdən belə görünür ki, bu il mürəbbə bişirə bilməyəcəyik”.

Bu sözləri "Qafqazinfo”ya səhər tezdən gilas almaq üçün yarmarkaya üz tutan Bakı sakini Sədaqət İsmayılova deyir. Daha bir neçə piştaxtaya yaxınlaşan Sədaqət xanımı bu dəfə də qiymətlər razı sala bilmir və o yarmarkadan əliboş çıxmaq məcburiyyətində qalır.

Səadət İsmayılova kimi bu il evdən meyvə almaq üçün çıxıb əliboş qayıdanların sayı xeyli çoxdur. Bu nəticəyə sosial şəbəkələrdə müşahidə etdiyimiz şikayətlərdən də gəlmək mümkündür:

"Bu il Göycə alçasının qiyməti enmədi. Supermarketlərdə iri gilas 11 manat, Göycə 9 manat, ərik 5 manata təklif olunur”.

Sahibkarlardan qiymət bahalığının səbəblərini soruşduqda birinci məhsulun az olmasını, ikinci olaraq isə topdanşatış qiymətlərinin bahalığını göstərirlər. Odur ki, qiymətləri müqayisə etmək üçün "Meyvəli”yə yollanırıq.

Burada qiymətlər nisbətən aşağı olsa da, yenə də alıcıların narazılıqları var.

İri gilas və albalının topdansatış qiymətinə 1 manatdan 7 manata kimi rast gəlirik. Əsas müşahidə olunan qiymət 3 manatdır. Şaftalının kilosu 2 – 3.50 manat arasında dəyişir. Ərik 2.5 manat, alça 2-4 manat arası dəyişir.

Burada məhsullar topdan və pərakəndə halında satışa çıxarılır.

Aqrar sahə üzrə iqtisadçı - ekspert Vahid Məhərrəmli deyir ki, bu il giləmeyvələrin qiymətində müşahidə olunan qiymət artımının əsas səbəbi son 10 ildə meyvə-tərəvəzin məhsuldarlığının kəskin şəkildə azalmasıdır. Onun sözlərinə görə, məhsuldarlığın azalmasında həm subyektiv, həm də obyektiv amillərin rolu var:

"Obyektiv səbəb ondan ibarətdir ki, iqlim dəyişikliyi baş verir, zərərvericilər, xəstəliklər geniş yayılıb. Subyektiv amil isə ondan ibarətdir ki, ölkəyə son 20 ildə gətirilən gübrə və pestisidlərin keyfiyyəti çox aşağıdır. Hətta Prezident özü ötən il pambıqçıların müşavirində bunu səsləndirib.

İndi təsəvvür edin əvvəllər fermerlər 5-6 dəfə zərərvericilərə qarşı tədbir həyata keçirirdilərsə, indi 20 dəfədən çoxdur. Bu, o deməkdir ki, onların xərci 4-5 dəfədən çox artıb. Bu səbəbdən də kəndli gəlir əldə etmək üçün məcbur qalıb qiyməti artırır.

10 il bundan əvvəl ərik, gilas, albalı, alça kimi meyvələrin hər hektarından məhsuldarlıq 100 sentnerə yaxın olduğu halda, bu il 85 sentnerə düşüb. Bu da hər hektarda ton yarım meyvənin azalması deməkdir.

İndi nə etmək lazımdır ki, bu qiymətlər aşağı düşsün?! Gübrə və pestisidlərin keyfiyyəti standartlara uyğun olmalıdır. Nəticə müsbət olduğu təqdirdə məhsuldarlıq artar və maya dəyəri aşağı düşəcək”.

Baha alınmış məhsulun satışının da riskli olduğunu vurğulayan ekspert hazırda marketinq xərcinin böyük olduğunu bildirib:

"Məhsulun saxlanması, daşınması və s. xərclər nəzərə alındıqda qiymətdə fərq yaranır. Odur ki, bu gün istehlakçılara təqdim olunan giləmeyvənin qiyməti yüksək olaraq qalır.

Yaxşı məhsul heç vaxt kəndlinin əlində qala bilməz. Bazarlarda malın tədarükü ilə məşğul olan sahibkarlar rayonlarda müşahidə aparır və keyfiyyətli məhsulu alıb yaxşı qiymətə şəhərdə satacaq. Marketinq bahalı prosesdir. Bu xarici ölkələrdə də belədir. Təsəvvür edin, İtaliyada "Golden” almasını fermer 20 sentə satır. Ancaq həmin alma supermarketlərdə 2 avroya təklif olunur. 10 dəfə baha qiymətə. Fermer çalışmalıdır ki, məhsulu bol və keyfiyyətli olsun ki, dövriyyənin hesabına gəlir əldə edə bilsin. Bazarda rəqabət mühiti olduğu üçün sahibkar da qiymətləri aşağı təklif etmək məcburiyyətində qalacaq”.

V. Məhərrəmlinin fikrincə, supermarketlərlə yarmarkalarda təqdim olunan məhsulun qiymətində heç bir fərq yoxdur, sadəcə keyfiyyətdə fərq var:

"Eyni məhsulu 20 çeşidə ayırıb 20 fərqli qiymət qoymaq olar. Bunu adi insanlar hiss edə bilmir, ancaq biz bilirik”.


OXŞAR XƏBƏRLƏR