Zidanın siyahısındakı 9 ulduz

Zidanın siyahısındakı 9 ulduz
Yenidən "Real"a baş məşqçi təyin edilən Zinəddin Zidan komandanın əvvəlki gücünü qaytarmaq əzmindədi. Klub prezidenti Florentino Peres yayda transferlərə astronomik məbləğ ayıracağı vədini verib.

"Kral klubu" ilə 2022-ci ilə qədər müqavilə imzalayan fransalı mütəxəssis transfer siyahısını da artıq müəyyənləşdirib. "Marca" nəşri Zizunun rəhbərliyə təqdim etdiyi adları ələ keçirib. "Porto"dan müdafiəçi Militaonu 50 milyon, "Novorizontino"dan isə hücumçu Rodriqonu 45 milyon avroya alan Peres əsas "bombaları" yayda "partladacaq".

Zidanın ilk mərhələdə ixtiyarında görmək istədiyi ulduz futbolçular Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Pol Poqba ("Mançester Yunayted"), Eden Azar ("Çelsi") və Kristian Eriksendi ("Tottenhem"). Madridlilər adıçəkilən futbolçuların hamısını bu yay heyətinə qatmağa çalışacaq.

Ancaq rəhbərlik bununla kifayətlənməyəcək. Çünki Peres növbəti iki illik transferlər üçün 1 milyard avroya yaxın büdcə ayıracaq. İspanların qarşıdakı iki il ərzində Madridə gətirməyi planlaşdırdığı simalar arasında Nqolo Kante ("Çelsi"), Cengiz Ünder ("Roma"), Xalidu Kulibali ("Napoli") və Miralem Pyaniç ("Yuventus") də var.

Bu müddətdə "Real" heyətin bir neçə üzvünü də yola salacaq. Belə ki, rəhbərlik Tibo Kurtua, Rafael Varan, Toni Kroos və Qaret Beyl başda olmaqla bəzi futbolçuların satışından qazanc  əldə etmək niyyətindədi.

OXŞAR XƏBƏRLƏR