“Zelenskinin erməni dostları çoxdur, amma...” – Ekspertdən mühüm açıqlamalar
"Ukraynanın milli və təhlükəsizlik maraqları orada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığın olmasını diktə edir”
Sfera.az-a açıqlamasında bunu Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda "Exit poll”ların nəticələrinə görə Vladimir Zelenskinin qalib gəlməsi fonunda Ukrayna-Azərbaycan münasibətlərinin necə olacağına münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
"Azərbaycanla Ukrayna strateji tərəfdaş ölkələrdir. GUAM-da Kiyevlə Bakı bir yerdədir. Azərbaycan Dövlət Neft Şirkəti Ukraynaya böyük investisiya yatırıb. Ticarət mübadiləsi də durmadan artır. Son illər Ukraynanın Azərbaycandan daşıdığı yüklərin miqyası artıb. Bu baxımdan Kiyevlə Bakı strateji tərəfdaşdırlar. İstisnasız olaraq Ukraynanın bütün prezidentlərinin Azərbaycanla sıx münasibətləri olub. Sonuncu Prezident Petro Poroşenko da Azərbaycana səfər edib. Ümid edirəm ki, Zelenski də əvvəlki prezidentlərin ölkəmizə münasibətdə bu siyasətini davam etdirəcək. Əlbəttə ki, Azərbaycan və Cənubi Qafqaz barədə bir artistin dəqiq bilgisi olmaya bilər. Amma onun müşavirləri və xarici işlər naziri olacaq ki, həmin şəxslər də bölgə və Azərbaycanın dəyərinin Ukrayna üçün əhəmiyyətini yeni prezidentə anladacaqlar”.
Bir müddət sonra Zelenskinin Azərbaycana rəsmi səfər edəcəyini istisna etməyən ekspert bunları deyib: "Düzdür, Zelenski artist olduğu dövrdə ətrafında xeyli erməni dostları var idi. Amma bir var artist, bir də var prezident.Prezident dövlətin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Ukraynanın milli və təhlükəsizlik maraqları orada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığın olmasını diktə edir. Zelenskinin Azərbaycanın yerinə durub Ermənistanla dostluq edəcəyini gözləmirəm. Əlbəttə ki, Kiyev Ermənistanla da münasibətlər yaradacaq. Amma Ukrayna və Azərbaycanın eyni dərdi var, hər iki ölkə separatizmlə üzləşib. Bu baxımdan həmin məsələdə də Kiyevlə Bakının maraqları üst-üstə düşür”.
Qeyd edək ki, bu günə qədər Ukrayna prezidenti seçilən bütün şəxslər Kiyevlə Bakı arasında münasibətlərin yüksək səviyyədə olmasına çalışıb və buna da nail olublar. İndi isə Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun "Exit poll”dan gələn nəticələrinə görə, müxalif namizəd, komediya ustası Vladimir Zelenski 73 faiz səslə mübarizənin qalibi olub.
ELÇİN