\"Zabitin şəhid olması məlumatı beynəlxalq təşkilatlara çatdırılıb\" - Spiker

\
 

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər. Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır”.

 Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Onu sözlərinə görə, Ermənistan KİV-i məlumat yayıb ki, Ermənistanın oliqarxları ilə qondarma Dağlıq Qarabağ klanı arasında ittifaq bağlanıb: "Razılaşmaya görə onlar Paşinyanı hakimiyyətdən devirənə qədər mübarizə aparacaqlar. Artıq açıq şəkildə müharibə elan ediblər. Belə olan halda, Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası qalmır. Ermənilər bir təxribat törətdilər, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. İstisna deyil ki, yeni təxribatlara əl atılsın”.

Deputat Çingiz Qənizadə də çıxışında xatırladıb ki, Azərbaycan ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq şəhid olub.

"Bu o vaxta təsadüf edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda idi. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağa olunmasına baxmayaraq, bu hadisə baş verib”, - deputat bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb: "Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndələrinə tapşırılacaq ki, bu məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.

Report


OXŞAR XƏBƏRLƏR