Zabit Səmədov: \"Qarabağ\" bundan da böyük nailiyyətlərə imza atacaq\"

Zabit Səmədov: \
 "Bu gün ikiqat bayramdır. "Qarabağ" Dövlət Müstəqilliyi günündə Çempionlar Liqası kimi nüfuzlu turnirdə ölkəmizi təmsil edir. Bu, ölkəmiz üçün doğrudan da böyük uğurdur. İnanıram ki, gələcəkdə daha gözəl oyunlar olacaq və "Qarabağ" bundan da böyük nailiyyətlərə imza atacaq".

"Report"un məlumatına görə, bunu Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov "Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı barədə danışarkən deyib.

Oyunu Bakı Olimpiya Stadionunda izləyən tanınmış idmançı fasilə vaxtı jurnalistlərin suallarını cavablandırıb...

İlk yarı sizi razı saldı?

- Oyun çox gözəl gedir. İnanıram ki, sonadək belə davam edəcək və qalib gələcəyik. Uğur qazanmasaq belə, Çempionlar Liqasında çıxış etməyin özü belə böyük nailiyyətdir. Qismət olsa, növbəti illərdə Qarabağda oynayarıq.

Rəşad Sadıqovla yaxın dost olduğun məlumdur. Sadıqovun karyerası barədə hansı fikirdəsən?

- Rəşad üçün də Çempionlar Liqasında çıxış etmək böyük uğurdur. İnanıram ki, gələcəkdə digər futbolçularımız da gözəl çıxışları ilə xarici klublarda forma geyinəcəklər.

"Qarabağ"ın populyar azarkeşi seçilməyinlə bağlı nə deyə bilərsən?

- Bu, mənim üçün sürpriz oldu. Açığı, xəbərim yox idi. İlk dəfə saytlardan oxudum. Sonradan "Qarabağ" klubundan mənə zəng gəldi. Dedilər ki, belə bir seçim ediblər. Xoş oldu. Sağ olsunlar.

"Qarabağ"ı "Atletiko" və "Roma" ilə səfər oyunlarında dəstəkləməyi planlaşdırırsınız?

- Hər iki matça getmək və komandamızı dəstəkləmək fikrindəyəm.

Yaxın gələcəkdə döyüşün nəzərdə tutulub?

- Təklif olduqda, Çeçenistanın "Axmat" klubu adından döyüşürəm. Başqa təkliflər də olur. Sadəcə, son vaxtlar daha sərfəli olduğu üçün "Axmat"ın təklifini qəbul edirəm. Çox istərdim ki, növbəti döyüşüm Bakıda olsun. Gələn ilin əvvəllərində döyüş keçirmək niyyətindəyəm. Rəqibimin ulduz olmasını arzulayıram. Belə biri var. Bu, xorvatiyalı Mirko Cro Copdur. Çox əfsanəvi döyüşçüdür. UFC və K-1 döyüşlərində uğurla çıxış edir. 2013-cü ildə K-1 döyüşündə qalib olub. Bir dəfə ona mənimlə kəməri ortaya qoymağı və mənimlə döyüşə çıxmağı təklif etmişdim. Lakin sonda anlaşa bilməmişdik. O, kəmərini ortaya qoymaq istəmədi. Yenidən təklif ünvanlayacağam. Razılıq olsa, Cro Copla Bakıda döyüşəcəyik.

Çeçenistan prezidenti Ramzan Kadırov sizdən "Qarabağ" barədə soruşur?

- "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Kadırovla görüşməmişik. Bu barədə söhbətimiz olmayıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR