\"İmtahan qiymətlərinin yüksək olması imkansız, lakin savadlı-prespektivli şəxlərin...\" - Ekspert fikri

\
Tarif (Qiymət) Şurasının ötən gün keçirilən iclasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib. Belə ki, DİM-in müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.
 


Məsələni Sfera.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, ilk növbədə 2005-ci ildən etibarən Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər:
"Lakin illər üzrə həyata keçirilmiş imtahanların nəticələri göstərir ki, dövlət qulluğuna qəbul üçün  qanunvericiliyin tələblərindən irəli gələn iki mərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, "Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğuna qəbulun  birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci tur əvvəllər Dövlət Qulluğu Komissiyası tərəfindən, indi isə Dövlət İmtahan Mərkəzi tərəfindən vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin  iştirakı ilə video çəkilişlə  keçirilən sual-cavab mərhələsidir. Bu hüquqi mexanizmlərdən yararlanmayan vətəndaşların sayı az deyil. Bir neçə dövlət qulluğuna yiyələnmək istəyib arzusuna çata bilməyən  şəxs mənə müraciət edib ki, müsahibə mərhələsində lazımi bal vermək üçün, "yuxarıların tapşırığı olmalıdır”. Həqiqətən də imtahan verən və sonda uğurla işə qəbul olunanlar arasındakı ciddi say fəqi istər istəməz insanda şübhə yaradır". 

Ekspert hesab edir ki, "Dövlət qulluğu haqqında” Qanunda test üsulundan sonrakı mərhələ sovet dönəmindən qalma ənənədir: 
"Dünən də Dövlət İmtahan Mərkəzi Tarif Şurası ilə bərabər bundan sonra DİM tərəfindən keçriləcək dövlət qulluğuna qəbul üzrə xidmətlərin qiymətini elan etdi. Artıq biz DİM-in 2016-cı ildən publik hüquqi şəxs olduğunu bilirik və göstərdiyi xidmətlərin öz məaliyyə imkanları ilə həyata keçirildiyindən də məlumatımız var. Amma istər orta ixtisas, istər bakalavr, magistr, istərsə də dövlət qulluğuna qəbul imtahanları üçün müəyyən olunmuş xidmət haqqı qiymətləri hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir. Bu qiymətə dövlət qulluğuna qəbul imtahanı olmaz. 110-manat verib ikinci mərhələdə kiminsə qurbanına çevrilmək olmaz. 2005-ci ildən 2016-cı ilə qədər bu imtahanlar pulsuz həyata keçrilib. Məhz bu imthanın digərlərindən fərqi odur ki, birbaşa dövlətin kadr ehtiyaclarının həllinə yönəlib. Yüksək imtahan qiymətləri imkansız, lakin savadlı-prespektivli şəxlərin kənarda qalması ilə nəticələnəcək".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR