Yoldaşının başqa qadından olan uşağına baxan qadının HEKAYƏSİ– "Öz uşaqlarımı qucağıma almağa qoymurdu"

Yoldaşının başqa qadından olan uşağına baxan qadının HEKAYƏSİ–
 Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınların həyat hekayəsini oxucularımıza təqdim etməyə davam edirik. 

Bu günki qəhrəmanımız 2 uşaq anası Tahirədir (Ad şərtidir). Tahirənin hekayəsi də digər qadınların hekayəsinə bənzərdir. O, 2 aydır ki,  sığınacaqdadır və övladları ilə burada yaşayır.

Tahirə Masallıda anadan olub, 23 yaşı var.  O da erkən nikahın qurbanlarından biridir. Ailədə bir bacı, iki qardaşdılar. 17 yaşında məcburən ailə həyatı qurub. Yoldaşı Tahirəni sevib və ailə qurmaq istəyib.  Tahirə deyir ki,  anamgilə dedilər ki, 18 yaşım tamam olanda nikaha salacaqlar. Valideynlərim də razılaşdı,  toyumuz oldu. Verilən vədlərin heç biri yerinə yetirilmədi.

Yoldaşım başqa qadınlarla tez-tez münasibətdə olurdu.  1-ci övladım var idi,  2-ciyə hamilə idim.  Yoldaşımın münasibətdə olduğu qadından isə 1 qızı doğulmuşdu. Qadın uşağı atıb çıxıb getmişdi. Yoldaşım həmin uşağı bizim, qaynanamın da yaşadığı evə gətirdi. Məndən qızına baxmağı tələb edirdi. Mən də baxırdım. Yedizdirirdim, əynini dəyişirdim, çimizdirirdim. Ayrı-seçkilik etmirdim. Amma qaynanam və yoldaşım qız uşağına tamam başqa cür yanaşırdılar. Onun üçün hər şey alırdılar,  bez,  yemək. Amma mənim övladım üçün istifadə etməyə qoymurdular. Danışırdım ki, necə olur ki, o da oğlunuzun övladıdır, bu da. Necə ayrı-seçkilik edirsiz.

 Evimizdə söz-söhbət elə bu qız uşağından sonra başladı. Mənim öz övladımı qucağıma almağa qoymurdular. Deyirdilər ki,  elə bu qıza bax. 2-ci övladım dünyaya gələndən də sonra baxırdım. Qaynanam kömək etmirdi. 3 uşağa da qulluq edirdim.

Bir gün qaynanam və yoldaşım çıxıb getdilər. Dedilər ki 1-2 saata gəlirik. O gedən, bu gedən heç birindən xəbər çıxmadı. Yoldaşımın bir qardaşı Rusiyada yaşayır,  o da ora çıxıb gedib. Qaynanam isə Azərbaycandadır. Amma bizimlə görüşməkdən qaçır.  Mən 2 uşağımı da götürüb anamgilə getdim. Bir neçə gün orda qaldım. Qardaşlarım mənim övladlarımı qəbul etmirlər. Deyirlər get uşaqları uşaq evinə qoy,  biz sənə baxacayıq.

Mən də sığınacağa üz tutdum. Övladlarımı atmaq istəmirəm. Birinci oğlumun 3 yaşı var, ikinci isə 7 aylıqdır.  Mənim başqa çıxış yolum yoxdur. Övladlarımın taleyi məni çox narahat edir.

Biz Tahirə ilə danışarkən 7 aylıq oğlu qucağımızda idi.  Dünyadan bixəbər körpə elə hey gülümsəyirdi.

Müsahibədən sonra Tahirə övladını da qucağına alıb otağa keçdi. Otaqda hər yaş qrupunda uşaqlar var idi. Kimisə uzanıb yatmağa çalışır. Kimisi isə sual dolu baxışları ilə mənə baxırdı. Mənim isə onlara deyəcək heç bir sözüm yox idi.

Dünyadə ən günahsız varlıqlar körpələrdir. Axı böyüklərin günahının cəzasını bu uşaqlar niyə çəkməlidir?

Burda anaları ilə birlikdə qalan uşaqların tək sevincləri analarının yanında olmasıdır. Övladların analarından gözlədikləri çox şey var. Anaların isə xeyirsevər insanlardan.

Buraya sığınan hər bir ananın yalnız bir arzusu var,  müəyyən işlə təmin olunub, övladlarını böyütmək.
A24.Az

OXŞAR XƏBƏRLƏR