“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”
"Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb.
Ciddi narahatedici məsələdir, fikrimcə valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidirlər. Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə.
Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmaza mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır.
Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar. Hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır.
Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır.
Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyn evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır...”, - deyə, millət vəkili sözlərinə əlavə edib.
Oxu.az