Yaralıların gətirildiyi xəstəxananın qarşısından REPORTAJ

Yaralıların gətirildiyi xəstəxananın qarşısından REPORTAJ
Polis 3 saylı Klinik Xəstəxananı mühasirədə saxladı, xəstə yaxınları içəri buraxılmadı
Dünən Nardaranda polislə dini radikal qruplaşma üzvləri arasında insident nəticəsində 2-si polis olmaqla 6 nəfər həlak olub, yaralananlar var. "Bizim Yol" qəzetinin əməkdaşı yaralıların yerləşdirildiyi Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanasında olub. Mən oraya çatanda polis tədbirini görmüş, xəstəxananı dövrəyə almışdı, içəridə də xüsusi təyinatlılar gözə dəyirdi. Sanki hadisə burada baş vermişdi. Görünür, təhlükə qalırdı. Xəstəxananın önündə isə xeyli adam toplaşmışdı. Özümü təqdim edib, fəaliyyətim üçün şərait yaratmalarını xahiş etdim, amma polis əməkdaşları kənar adamları içəri buraxmamaq barədə göstəriş aldıqlarını söylədilər. Mən də televiziyadan olan həmkarlarım kimi sadəcə kənardan müşahidə etməklə vəzifəmi icra etməyə çalışdım, eyni zamanda bayırda yaralıların qohumlarının olub-olmadığını araşdırırdım.  
Ətrafdakı insanların çoxu insidentdən xəbərsizdilər, əksəriyyəti xəstə yanına gələnlərdi, kimisi sadəcə görməyə gəlmişdi, kimisi də xəstəsinə yemək və ya ehtiyacı olanı gətirmişdi. Amma heç cür içəri keçib onları sahiblərinə çatdıra bilmirdilər. Polisdən nə baş verdiyini soruşanda da, çox vaxt "bilmirəm" cavabını alırdılar. Ya da bəzən insafa gələndə "hadisə olduğu"nu deyib qısa kəsirdilər. Anladığım qədər yerindəcə dəqiq bir məlumat ala bilməyəcəkdim, redaksiyada oturub kabinetlərində əyləşən mətbuat mərkəzlərinin rəhbərlərindən daha çox informasiya almaq mümkündür, nəinki hadisənin mərkəzindən. Əvvəlcə daha səhih məlumat almaq üçün Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladım. L.Bayramova bildirdi ki, hadisədə yaralanan 3 nəfər hazırda 3 saylı Klinik Xəstəxanada əməliyyat olunub, həkim nəzarətindədirlər, vəziyyətləri stabildir. MX rəhbəri yaralıların, eləcə də ölənlərin kimliyi barədə məlumatsız olduğunu dedi. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da kabinetində idi, rəsmi bəyanat yaydıqlarını söyləməklə kifayətləndi. 

Çevrədəkilər nardaranlı olduqlarını boyunlarına almırdılar. Axırda biri etiraf etdi ki, oğlu içəridə, yaralıdır. Ata 30 yaşlı oğlunun silahsız olduğunu dedi. "Silahı yox idisə, bəs atışmanın mərkəzinə necə düşüb və yaralanıb", sualıma əsəbiləşdi, "namaz qılan adamdır, onda silah nə gəzir", dedi. Yanımdakı qohumu dedi ki, yaralının adı Şamildir. Cavan bir oğlan ev geyimində idi, başıalovlu gəlmişdi. Onunla da ünsiyyət qurmağa çalışdım. Özünü hadisələrin mərkəzində göstərmək istəməsə də, bağlılığını da inkar etmirdi. Sonradan onu polislərlə deyişən gördüm. Xəstəxananın girişinin bağlı olduğunu görsə də içəri keçməkdə qərarlılıq nümayiş etdirirdi. Amma polis də bu nardaranlı cavanın qarşısından çəkilmədi, onunla burun-buruna dayanıb bir az sözdə "vuruşdular". Sonda nardaranlı gənc əlisilahlı polisin qarşısında aciz qalıb, geri çəkildi. 

Ətraf insanlarla doluydu, hər an bir hadisə, təxribat ola bilərdi. Maraqlısı da budur ki, polis toplaşanları məlumatlandırmaq əvəzinə susmağı məqsədəuyğun sayırdı. Halbuki onlara "olmaz" sözünü elə izah etmək lazım idi ki, adamlar bunun özlərinin həyatı üçün vacib olduğunu anlasınlar. Polisi Nobel prospektində yanğın zamanında olduğu kimi bir qədər hazırlıqsız gördüm. Məsələn, bayırdan gələnlərə qadağa olduğunu dedikləri halda, axşam vaxtı "mən xəstəxananın işçisiyəm, işə gəlmişəm", deyənləri vəsiqə tələb etmədən içəri buraxırdılar. Xəstəxana personalının vəsiqəsi olmadığını əvvəldən bilsəydim, mən də bu üsuldan istifadə edib içəri daxil olardım. Personal da məni sorğu-suala tutsaydı polis olduğumu deyərdim. Burada çətin bir iş yoxdu. Əsl yersiz olan isə polisin işdən evinə gedən tibb işçisini içəridə saxlayıb, "hara gedirsən", deyə soruşmağı idi. Bundan başqa, asayişimizi qoruyanların mobil telefon əllərindən heç düşmürdü, öz aralarında əlaqə saxlamaq üçün ratsiya ola-ola, ora-bura var-gəl edib uzun-uzun mobil telefonla danışırdılar. Bəzilərinə xüsusi qulaq asırdım, şəxsi söhbətlər idi, işlə bağlılığı yoxdu. Halbuki belə hadisələrdə onların gözləri dörd olmalı, ətrafda quş da səkə bilməməlidir. Bu yazdıqlarım bütün polislərin ünvanına deyil, sadəcə işinə səhlənkarlıqla yanaşanlaradır. Mən o an polisdən daha sayıq davranırdım desəm, yəqin qeyri-təvazökarlıq olmaz. Polisin əhalini oradan uzaqlaşdırmaq meyli vardı, amma bunu necə edəcəklərini bilmirdilər. İzah elədim ki, baş verənləri əhaliyə gözəl dillə anladıb, onların xoşluqla uzaqlaşmasına nail olsunlar. Ən azından izah eləsinlər ki, bu, qadağa deyil, onların təhlükəsizliyi üçündür. Polis dostumuz isə məni uzaqlaşdırmağa çalışır, qayğıma qalırdı, deyirdi ki, başıma bir iş gəlməyini istəmir. Digər həmkarlarım xəstəxana rəhbərliyinin çıxıb bir açıqlama verəcəyini gözləməkdən ümidlərini kəsib getmişdilər. Əvvəlcə 1 saata insanları bir-bir yoxlayaraq içəri buraxacaqlarını söylədilər. 1 saat keçəndən sonra da 2 saat ərzində bunu edə biləcəklərini dedilər. 

Ətrafdakılara izah elədim ki, çox vacib işləri yoxdursa, çıxıb evlərinə getsinlər, kimsə hadisədən sığortalanmayıb. Bəziləri yardımımla əşyalarını xəstəsinə göndərib getdi. Digərləri yeni əməliyyatdan çıxmış xəstəsinin olduğunu söyləyib, inadla xəstəxananın qarşısını kəsdirdi. Üçüncülər maraqla nə baş verəcəyini gözləyən məhəllə sakinlərinə bənzəyirdilər, siqaret çəkib, tum çırtlamaqla küçəni zibilləməkdən başqa bir işləri olmayanlardı. Bir qadın qızının yanına keçmək üçün dəridən-qabıqdan çıxırdı. Təzəcə əməliyyat olunubmuş, vacib əşyaları içəri keçirmək üçün axırda polisdən dəstək istədik, onlardan biri anlayış göstərib deyilən palataya yollandı. Gəncədən gəlmiş bir xəstə nə illah elədisə ki, həkim göndərişi ilə gəlib, xəstəxanada yatmalıdır, dinləyən olmadı. Yuxusuzluq problemi yaşayan adama dedilər "ya get çayxanaya, vaxtını orada keçir, ya da sabah gəl". Adam da hey deyinirdi ki, qalmağa yeri yoxdur, çayxanada çay içməyə də pulu. Nəhayət, baş həkimdən xəbər gəldi ki, Mərkəzi Xəstəxanaya getsin, onun işi buralıq deyil. Ən azından bu günlük. Axşama qədər orada qaldım, gözləyənlər də azalmamışdı, bəziləri gedirdisə də əlavə adamlar gəlirdi. Polislə vətəndaşlar arasında sıx-sıx anlaşılmazlıq yaşanır, xırda mübahisələrin ardı-arası kəsilmirdi. Nardaranlılar da ətrafa səpələnmişdilər, orda burda silah söhbətləri qulağıma çatırdı. Amma soruşanda, "nə silah, kim silah dedi ki", deyə adamın üzünə dururdular. Axşam düşmüşdü, baş həkimin də bayıra çıxıb açıqlama verəcəyi yoxdu. Açıqlamanı mətbuata kabinetindən verib. "Morqa" da giriş eynilə bağlıydı. Orada vəzifəmi bitmiş saymasam da redaksiyaya gəlib bu reportajı yazmağa məcburdum....      

OXŞAR XƏBƏRLƏR