Cəmİyyət

YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

YAP üzvlərinin sayı 710 min nəfəri ötüb
 Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Partiyadan Sfera.az-a verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib.
 
Bildirilib ki, ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub. Xususilə vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi YAP-ın çoxminli üzvlərinin qəlbində möhtəşəm qürur və sevinc hissləri yaradıb. Bildirilib ki, hesabat ilində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib. Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.
 
İclasda bildirilib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın yaranmasının 25 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirak edib və geniş nitq söyləyib. Vurğulanıb ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18 noyabr tarixli sərəncamında mükafata layiq görülənlər arasında Yeni Azərbaycan Partiyasının nümayəndələri də yer alıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib.
 
Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

AdRiver

XƏBƏR LENTİ