YAP-çı deputat müxalifətçi bloqqerlərə görə Azərbaycan səfirliklərini qınadı

YAP-çı deputat müxalifətçi bloqqerlərə görə Azərbaycan səfirliklərini qınadı
"Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri ölkə prezidenti və onun ailə üzvlərinə qarşı böhtan və qarayaxma kampaniyası aparan bloqqerlərin cəzalandırılması üçün intensiv iş aparmalıdır”. 

Bu sözləri Sfera.az-a müsahibəsində Milli Məclisin 82 saylı Ağcabədi seçki dairəsindən seçilmiş deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Tahir Rzayev bildirib. 

T.Rzayev Avropada Azərbaycan əleyhinə kampaniya aparan şəxslərin cəzalandırılması üçün həmin ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılmasının vacib olduğunu söyləyib:

"Azərbaycanın həmin ölkələrdə fəaliyyət göstərən səfirlikləri və diaspora təşkilatları ölkəmizin əleyhinə şər, böhtan və qarayaxma kampaniyası aparan şəxslərlə bağlı Avropanın müvafiq qurumlarını məlumatlandıra bilər. Azərbaycan tərəfi həmin şəxslərin əməlləri ilə bağlı Avropa ölkələrinin müvafiq qurumlarını tutarlı faktlarla məlumatlandıra bilsə, o zaman həmin şəxslər barəsində ciddi ölçü götürülər. Bunun üçün ilk növbədə Azərbaycana müxalif olan həmin şəxslərin törətdikləri cinayət əməllərini xarici dillərə tərcümə edib, konkret tutarlı faktlarla ölkələri məlumatlandırmaq və rəsmi dairələrə müraciətlər yollamaq lazımdır. Biz rəsmi şəkildə həmin ölkələr qarşısında məsələ qaldırsaq, o zaman onlar da lazımı addımlar atmağa məcbur olarlar. Belə olan təqdirdə atılan addımların da effekti olacaq. Yoxsa ki, bizim burada onlara etiraz etməyimizi yalnız Azərbaycan cəmiyyəti anlaya bilər. Axı bizim fikirlərimizi ingilis anlamır. Biz elə etməliyik ki, xarici ölkələrdə bizim tələbimiz başa düşülsün və qanun çərçivəsində lazım olan addımlar atılsın”.

Deputat qeyd edib ki, xaricdə Azərbaycan əleyhinə iş aparan bloqqerlər öz əməllərinə görə bütün məsuliyyətlərdən azad olduqlarını düşünürlər:

"Ancaq bu belə deyil. Əgər onlar doğrudan da əsl azərbaycanlıdırlarsa, o zaman bu yolu tutmamalıdırlar. Gəlib bu dövlət, Vətən üçün nə isə etməlidirlər. Söyüş, təhqir insana yaraşmayan hərəkətdir. Əgər fakt varsa, faktla danışmaq lazımdır. Yoxsa ki, söyüşlə kimisə təhqir etmək insana yaraşmayan hərəkətlərdir. Kim olursansa ol, ilk növbədə Azərbaycanın milli mentalitetinə əməl etməlisən və söyüşlə danışmamalısan. Hər kəsin yaxını, qohumu, ölüsü, dirisi var. Təhqirlə danışmaq heç kəsə başucalığı gətirməz”.
 
Orxan Bəşirov


OXŞAR XƏBƏRLƏR