Sİyasət

"Yalnız Ermənistanda hakimiyyət oturuşduqdan sonra, bu barədə danışa bilərik"

"Yaxın aylar ərzində işğalçı Ermənistanla Dağlıq Qarabağ məsələsi ətrafında görüşlərdən hansısa məhsuldar nəticə gözləməyə dəyməz”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrda olacaq görüşünə münasibət bildirərkən siyasi şərhçi Azər Həsrət deyib.
 
Həmsöhbətimizin fikrincə, Ermənistan buna hələ də hazır deyil:
 
"Birincisi, düşmən ölkədə artıq ciddi hakimiyyət dəyişikliyi baş verib. Cari ildə Ermənistan hər il olduğundan da daha ciddi təlatümlər yaşadı. Nəticə də ondan ibarət oldu ki, "Qarabağ klanı” tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və iqtidara yeni qüvvələr gəldi. İndi Ermənistan növbədənkənar parlament seçkilərinə gedir. Hansı ki, bu seçkilərin nəticəsi də Ermənistanda müəyyən siyasi qarşıdurmalara səbəb ola bilər. Çünki əvvəlki hakimiyyət təmsilçiləri öz mövqelərini qorumaq, hansısa formada öz təsirlərini saxlamaq üçün çarpışmaqda davam edirlər. Bu istiqamətdə yəqin ki, onlara dəstək verən Rusiya kimi dövlətlər də boş dayanmayacaq. Ona görə də hazırda Ermənistan hakimiyyətini düşündürən əsas məsələ yalnız öz mövqelərini daxildə möhkəmləndirməyə nail olmaqdan ibarətdir. Yəni onlar hazırda Dağlıq Qarabağ mümaqişəsilə bağlı nəticə verə biləcək məhsuldar danışıqlara hazır deyil. Hətta dekabr ayında olacaq seçkilərdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşsə belə, onların qısa müddətdə konstruktiv formada hansısa bir ortaq mövqeyə gələ biləcəyini düşünmürəm.
 
Dediyim kimi, Ermənistan hakimiyytinin fikri indi yalnız özünə qarışıb. Onlar indi özlərini sübut və təsdiq etməyə məcburdur. Xalqın da onlardan gözləntiləri var. Ermənistan xalqı aclıq və səfalət içində olduğundan yeni hakimiyyətdən təcili şəkildə həmin problemlərin həllini tələb etməkdədir. Adətən xalqın da səbri uzun müddət davam gətirmir. Ona görə də düşünürəm ki, növbədənkənar seçkilərdən sonra Ermənistanda formalaşacaq istənilən hakimiyyət hər şeydən öndə daxili sabitliyi bərpa etmək və qorumaq üçün çarpışmalı olacaq. Ona görə də münaqişənin həlli istiqamətində hansısa bir nəticəni gözləmək üçün ilk öncə Ermənistanda hakimiyyətin oturuşmasını gözləmək lazımdır. Yalnız Ermənistanda hakimiyyət oturuşduqdan sonra bu barədə danışa bilərik”.
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dekabrda görüşəcəklər. Hansı ki, bu görüş Ermənistanda olacaq növbədənkənar parlament seçkilərindən sonraya təsadüf edəcək. Bu fonda da bir çox ekspertlər tərəfindən belə fikirlər səslənir ki, Ermənistanda formalaşacaq yeni hökumətin öz mövqeyini möhkəmləndirməsi danışıqlar prosesinə də yeni impuls verə bilər.
 
ELÇİN 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ